Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 32 nəfər əlil şəxs Şəki rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzinə yola salınıb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-ın məlumatına görə, əlillərin yola salınması zamanı ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov bildirib ki, “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”nda əksini tapan tədbirlərdən biri də həmin insanların yaz-yay mövsümündə istirahətinin təşkilidir: “Proqrama əsasən, bu il nazirlik tərəfindən 1000 nəfərdən çox əlil şəxsin istirahətə göndərilməsi nəzərdə tutulub. Onlardan artıq 730 nəfərinin Lənkəran, Xaçmaz, Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilməsi təmin olunub”.
Qeyd olunub ki, əlillərin maddi təminatlarının gücləndirilməsi, sosial müavinət və pensiyalarla təminatı yönündə görülən işlərlə bərabər, onların reabilitasiya potensiallarının reallaşdırılması üçün kompleks tibbi-sosial reabilitasiya tədbirləri də davam etdirilir. Cari ilin birinci yarımilində nazirliyin xətti ilə 11 minədək əlil şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib. Həmçinin, bu il 70 nəfər əlilliyi olan şəxsin, valideynlərindən biri ilə bərabər 34 nəfər sağlamlıq imkanları məhdud uşağın xaricdə ixtisaslaşmış bərpa-müalicə kursu keçmələri təmin olunub.