Azərbaycanda kompüterlərin kütləvi yayımının təmin edilməsinə yönəlmiş “Xalq kompüteri” layihəsi uğurla davam etdirilir. Hazırda layihə çərçivəsində əldə olunan kompüterlərin sayı 21950 ədədə çatıb. Bu barədə Lent. az-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.
“Hər ailə üçün kompüter” şüarı altında həyata keçirilən layihədə təqdim edilən kompüter və noutbuklar lisenziyalı proqram təminatına malikdir və mövcud bazar qiymətlərindən 25%-dən 40%-ə qədər aşağı qiymətə, 12 ay müddətinə faizsiz kreditlə satılır.
“Xalq kompüteri” layihəsi çərçivəsində Azərbaycan orta məktəblərinin müəllimləri, şagirdləri, ali məktəb tələbələri və təhsil sektorunun işçiləri güzəştli şərtlərlə kompüter almaq imkanı əldə edirlər. Növbəti mərhələdə digər qrup insanlar da bu layihənin imkanlarından yararlana biləcəklər.
Xatırladaq ki, Rabitə və İnformasiya Texnologiyaları və Təhsil nazirlikləri tərəfindən təşkil olunan layihə “Microsoft” və “HP” şirkətləri tərəfindən təqdim edilir, təchizat isə “BestComp Group” şirkəti tərəfindən həyata keçirilir.