Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 1-15 sentyabr tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 117 akt və protokol tərtib olunub.
Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 36 müddətli məcburi göstəriş verilib. Ümumilikdə, 15 iş üzrə 28 min 600 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyana görə 5 iş üzrə 1081,28 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 163 iş üzrə 25261 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 9, icra qurumlarına 2, məhkəmələrə isə 1 iş göndərilib.