Təhsil naziri Mikayıl Cabbarov Şəki şəhərində vətəndaşları qəbul edib. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Qəbulda Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonlarında yaşayan vətəndaşlar iştirak edib.
Təhsil şöbələri müdirlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər, əsasən müəllimlərin işə qəbulu, ucqar kənd məktəblərində işləyən müəllimlərə müvafiq həvəsləndirmə tədbirlərinin tətbiqi, bir təhsil müəssisəsindən digərinə köçürülmə, təhsil haqqından azad olunma, təhsil sənədlərinin tanınması, xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu və digər məsələlərlə əlaqədar olub.
Qəbulda 61 nəfər vətəndaşın müraciəti dinlənilmiş, əksər məsələlər yerində həllini tapıb. Bir sıra müraciətlərlə bağlı təhsil şöbələrinin müdirlərinə və nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verilib.