Nazir müavini BMT-yə səfər edib
02 sentyabr 2013 12:00 (UTC +04:00)

Nazir müavini BMT-yə səfər edib

Gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Nyu-York qərargahında son görüşlərini keçirib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər BMT Təhlükəsizlik Şurası Modeli simulyasiyası ilə bağlı hazırlıq çərçivəsində baş tutub.

 

Gənclər və İdman Nazirliyi və BMT-nin İnkişaf Proqramı (BMT İP) əməkdaşlarından ibarət nümayəndə heyəti BMT-nin İnkişaf Proqramı rəhbərinin köməkçisi və BMT İP Avropa və MDB ölkələri üzrə Regional Bürosunun bölgə direktoru xanım Cihan Sultanoğlu ilə görüşüb.  Görüş zamanı C. Sultanoğlu qeyd edib ki, Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunmuş BMT Təhlükəsizlik Şurası Modeli tədbirinin keçirilməsi İnkişaf Proqramı ilə Azərbaycan Hökuməti münasibətlərinin yüksək səviyyədə olmasının sübutudur. 

 

BMT-nin İctimai İnformasiya Departamentinin Təşviqat Bölməsinin direktoru Mahir Nasserlə və  BMT-nin İnkişaf və Sülh naminə İdman Ofisinin Əlaqələndiricisi Erik Dieneslə görüşlərdə azərbaycanlı gənclərin dünya idmanında əldə etdikləri nailiyyətlər yüksək qiymətləndirilib. Bakının 2014-cü ildə Bədii Gimnastika üzrə Avropa Çempionatı, 2015-ci ildə I Avropa Oyunları, 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadası, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları və 2019-cu il bədii gimnastika üzrə dünya çempionatı kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin ölkədə dinamik və uğurlu siyasətin nəticəsi olduğu xüsusi vurğulanıb.

 

Qeyd edək ki, BMT-nin Təhlükəsizlik Şurası Model simulyasiyası oktyabrda Bakıda keçiriləcək. Tədbirdə Azərbaycan da daxil olmaqla, hazırda BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkədən 45 universitet tələbə və məzunları iştirak edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 452
avatar

Oxşar yazılar