MŞ: Qurultayın vaxtı açıqlandı
15 iyun 2013 18:00 (UTC +04:00)

MŞ: Qurultayın vaxtı açıqlandı

Bu gün Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə Heyətinin iclası olub.


Lent.az-a verilən məlumata görə, iclasda MŞ sədri Əflatun Amaşov bildirib ki, bu gün jurnalistlər üçün tikilmiş hündür mərtəbəli binanın mənzillərinin sahiblərinin müəyyənləşdirilməsi üzrə redaksiyalardan irəli sürülən namizədlərdən, eləcə də fərdi müraciətçilərdən sənəd qəbulu başa çatır.

 

İclasın gündəliyinə təklif olunan ikinci məsələ MŞ sıralarının tənzimlənməsi olub. Ə.Amaşov qeyd edib ki, Şuranın tərkibində elə kütləvi informasiya vasitələri var ki, çoxdandır fəaliyyət göstərmirlər, eyni zamanda qurumun üzvü kimi üzərilərinə düşən öhdəliyi yerinə yetirmirlər. Nəhayət, Azərbaycan jurnalistlərinin VI qurultayının keçirilməsi məsələsi ətrafında da müzakirələrin aparılması nəzərdə tutulur. Gündəlik səsə qoyulub və yekdilliklə qəbul edilib.

 

Gündəlikdə duran birinci məsələ ilə bağlı MŞ sədri Ə.Amaşov məlumat verərək bildirib ki, jurnalistlər üçün tikilmiş binadakı mənzillərin bölgüsü ilə əlaqədar MŞ-nin kriteriyalarının açıqlanmasından, yəni mayın 23-dən sonra Şuranın Katibliyi tərəfindən quruma üzv KİV-lərə müraciətlər ünvanlanıb və onlara prinsiplər barədə geniş məlumat verilib. Şəffaflığın təmin edilməsi üçün Şura üzvləri redaksiyalarda namizədlərin müəyyənləşdirilməsinin gedişini izləyiblər. Keçirilmiş səsvermə proseslərində hər hansı nöqsanlar qeydə alınmayıb. Bununla belə, adı redaksiya siyahısına düşə bilməyənlərdən bir neçəsi MŞ-yə şikayət ünvanlayıb. Həmin şikayətlər də araşdırılacaq. Ümumilikdə MŞ üzvü olan 27 gündəlik, 35 həftəlik-aylıq qəzetdən, 13 informasiya agentliyindən, 7 xəbər portalından və 5 jurnaldan müraciət daxil olub. Bundan başqa, 70 fərdi müraciət də qeydə alınıb. Əvvəlcədən müəyyənləşdirildiyi kimi, gündəlik qəzetlər və informasiya agentlikləri 3, həftəlik qəzetlər, portallar və jurnallar bir namizəd irəli sürməli idilər. MŞ üzvləri məsələ ətrafında fikirlərini bildirdikdən sonra toplanmış materiallarla bağlı müvafiq prosedur ümumiləşdirmələrin aparılması və onların Prezident Administrasiyasına göndərilməsi qərara alınıb.

 

Gündəlikdə duran ikinci məsələ ilə bağlı bildirilib ki, təxminən 30-dək KİV MŞ üzvü kimi üzərinə düşən öhdəlikləri yerinə yetirmir - üzvlük haqqını ödəmir, ümumən MŞ ilə əlaqələrini kəsmiş durumdadır. Belələrinin qurumun sıralarından xaric edilməsi struktur fəaliyyətin düzgün həyata keçirilməsi baxımından önəmlidir. Təklif səsə qoyulub və yekdilliklə bəyənilib.  MŞ üzvləri Azərbaycan jurnalistlərinin VI qurultayının keçirilməsi ilə bağlı bildiriblər ki, ali məclis Şuranın Nizamnamə tələblərindən irəli gələn qaydalara uyğun şəkildə baş tutmalıdır. Bu mənada ilk iş qurultayın keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılmasıdır. Qərara alınıb ki, MŞ-nin İdarə Heyətinin hazırkı tərkibi artıq Təşkilat Komitəsi kimi fəaliyyət göstərsin. Qarşıdakı müddətdə redaksiyalarla mövcud istiqamətdə müvafiq iş aparılsın. İclasda eyni zamanda təklif olunub ki, MŞ-yə üzv gündəlik qəzetlərin və informasiya agentliklərinin ali məclisdə 2, həftəlik qəzetlərin, xəbər portallarının, jurnalların və jurnalist təşkilatlarının 1 nümayəndəsi qurultayda nümayəndə ilə təmsil olunsunlar.

 

Qəbul edilən qərarlardan biri də qurultayın dəqiq tarixi ilə bağlı olub. TK üzvləri ali məclisin iyul ayının 12-də təşkilini məqsədəuyğun sayıblar. Qarşıdakı müddət ərzində Mətbuat Şurasına üzv redaksiyalara müvafiq məktublar və anket formaları göndəriləcək. Bu yolla onların qurultayın səsverməsinə çıxarılması üçün namizədlərini irəli sürmələrinə şərait yaradılacaq. Ən çox səs toplamış namizədlərin adları qurultaydakı yekun səsverməyə çıxarılacaq və bununla da MŞ-nin İdarə Heyətinin yeni tərkibi formalaşdırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555
avatar

Oxşar yazılar