<b>Monastıra axışan qızlar, şeytanın kələyi, 48 ildən sonra Simon Ata</b> <span style="color:red;">– IV-cü yazı
03 may 2014 12:50 (UTC +04:00)

Monastıra axışan qızlar, şeytanın kələyi, 48 ildən sonra Simon Ata – IV-cü yazı

 

Üç gün idi ki, qapıldığı otaqdan çıxmırdı. Qərar vermişdi, amma…hazır idimi? Bax, buna əmin deyildi.

Getməkmi?

Bitdimi?

Elə buracan idimi hər şey?

Bəs sonra?

 

Yerindən durub otaqda var-gəl elədi. Hava qaralırdı. Moskva yatmağa hazırlaşırdı.  Nəhəng, səsli-külü bu şəhər yuxuya gedəcəkdi bir azdan. Amma yox,  32 ildir onu ağuşuna alıb, bütün ölkəyə tanıtdıran bu şəhər, indi, elə bu şər vaxtı onun atacağı İLAHİ bir addıma şahidlik etməliydi həm də.

 

Televizoru yandırdı. Ekranda saat göründü. Əqrəblər 22-nin üstünə tələsirdi. Ekran dəyişdi: “Zaman” başlayırdı. Xəfifcə gülümsündü. Getmək vaxtıdır…

 

Qərar verilmişdi…

 

 

Əvvəli:  http://news.lent.az/news/163797

           http://news.lent.az/news/164331

 

...Onegin niyə məhz Optina Pustını seçmişdi? Bunu heç kim bilmir. Heç oğlu Yusif də. Monastırda isə Onegini rəğbətlə qarşılayırlar.

Mən, müsəlman həmyerlimizin xaç suyuna salınmasından tutmuş, digər xristian ayinlərinə kimi nələrdən keçdiyini xırdalıqlarına kimi yaza bilməyəcəm. Əslində buna ehtiyac da yoxdur. Amma bir məqamı xüsusi vurğulamaq istərdim: sən demə, burada onu nəinki tanıyırlarmış, hətta sevirlərmiş də.

 

***

 

Monastıra gələndən, pravoslavlığı qəbul edəndən sonra o, Simon adını daşımağa başlayır. Sadəcə Simon Ata. Onegin və Hacıqasımov adları isə monastır divarının o yanında qalır. Geridə qoyduğu bütün həyatı kimi. 1985-ci ildən sonra, hə, düz 48 yaşında o, yenidən doğulur sanki. Dünyaya baxışı da dəyişir. Hətta bir dəfə monastırda ənənəvi ayinlərdən birini yerinə yetirərkən rahiblərdən birinə elə beləcə də deyir: “Sanki kor idim, gözlərim açıldı, mən yeni bir dünyaya düşdüm”.

 

Amma Oneginin bir şeydən də xəbəri yox idi. O biri, qoyub gəldiyi, 48 il ömür sürdüyü o biri dünyada…onu axtarırdılar. Hə, ən əsası, ondan da xəbəri yox idi ki, elə həmin bu Optina Pustının yaxınlığındakı Kozelskdə, bir qədər aralıdakı Kaluqa şəhərində onun - Onegin Hacıqasımovun burda, monastırda olduğundan da xəbər tutmuşdular. Özü də qızlar. O qızlar ki…

 

***

 

4 mart. 2014-cü il. Bakcellin maliyyə dəstəyi ilə həyata keçirdiyimiz bu araşdırmanın sonucu olaraq Kaluqaya qədər gəlib çıxmışıq. Kaluqadan Kozelskə qədər avtobusla gedirik. Burdan o yana, Optina Pustına isə ancaq taksiylə hərəkət etmək mümkündür. Çünki ictimai nəqliyyat işləmir. Sıx meşəliklərin arasıyla şüşə kimi yol çəkiblər. Hər tərəf şam, küknar ağacları. Yolboyu ağacların üstündən o yan bu yana tullanan dələləri belə açıq-aydın görmək mümkündür. Təxminən 15 kilometrlik yolun sonucunda heyrətamiz bir mənzərə açılır adamın gözləri qarşısında. Möhtəşəm monastır, qüllələr, əzəmətli kilsə.

Girəcəkdə şlaqbaum qoyublar. Maşın buraxılmır. Gərək piyada gedəsən.

Monastırın qapısında bizdən qabaqda 5-6 nəfər var. Hamısı da xaç çevirib içəri girir. Bəndənizdən başqa. Elə əlimdə fotoaparat, çiynimdə noutbuk xaç çevirmədən içəri girməyim oranın mühafizəçisinin də gözündən yayınmır. Amma gülümsünür, heç bir söz demədən baxışları ilə məni müşayiət edir. Əslində içəri girib neyləyəcəyimi də bilmirəm. Sadəcə monastırın həyətini gəzirəm. Müxtəlif tikililərdir. Hə, bir də monastırın düz mərkəzində ağacların altında köhnə bir qəbirstanlıq salınıb. Sonradan öyrənəcəkdim ki, bu qəbirlərdə sovet dönəmində monastırın güllələnən müqəddəsləri dəfn edilib. Yaxınlıqda kitabxana da var, kilsə mağazası da, hələ “çaynaya” adlanan kiçik kafe də. Monastırın ekskursiya bürosu da var. Amma həmin gün işləmirdi. Sən demə, bu büro ancaq sifariş əsasında çalışır.

Bir qədər içəriyə doğru gedirik. Bir neçə nəfərdilər, qarapaltarlı, saqqallı, amma gülərüz. Kiminlə bağlı bura gəldiyimi bilirəm, amma kiminlə söhbət edəcəyimi isə…bax, elə onu tapmaq çətinə düşüb.

Nisbətən yaşlısına yaxınlaşıram. 70-ə yaxın olar yaşı. Təbii burda onu Onegin kimi tanımayacaqlar, elə Simon Atayla bağlı gəldiyimi bildirirəm. Sualıma sualla cavab verməyi isə məni əməlli çaşdırır:

 

- Siz xristiansınız?

 

- Yox Ata, mən müsəlmanam.

- Fərq etməz, sadəcə elə-belə soruşdum. Simon Atanı soruşduz, axı çoxdan Tanrının dərgahındadır o. Nəyinizə gərəkdir?

 

Gəlişimizin məqsədini deyirik. Gülümsünür. Bir qədər fikrə gedib dillənir:

- Mən sizə nə kömək edə bilərəm axı mənim oğlum. Simon Atayla bağlı onu yaxşı tanıyanlardan gərək soruşasan. Mən ancaq onlardan birini tapıb sənə nişan verə bilərəm. Mən hökm edə bilmərəm, mənim oğlum. Hökm etmək ulu Tanrının işidir. Onun bəndələrinə yardımçı olmaq isə Tanrıya da xoş gedər. Amma gözləməlisiniz. Kitabxanamızda da gözləyə bilərsiniz, çay da içə bilərsiniz, amma harada olacaqsınızsa komendanta, ya da qapının ağzındakı mühafizəçilər bilsin, sizi tapmaq mümkün olsun.

 

Bunu deyib də xaç çevirib getdi...Biz isə əvvəl kitabxanaya baş vururuq, daha sonra mühafizəçiyə çay içəcəyimizi bildiririk. Amma heç 15 dəqiqə keçməmiş bizi monastıra çağırırlar. Həmin Ata idi. Yanında yaşı 50-dən keçmiş birisi ilə.

 

- Bax, Simon Atanı bundan yaxşı tanıyan yoxdur.

 

***

 

Monastırdan əvvəlki adını soruşmuruam. Həm də nə mənası? Qəhrəmanımızla yaxın olub, Kiril Ata. Qaradinməzdir, hər sözü az qala kəlbətinlə çıxararsan. Heç həvəsli deyil danışmağa. Səbəbini isə bir qədər sonra biləcəkdik. Hələliksə, ümumi şeylərdən danışır. Məsələn, deyir ki, onun tanınmış şair olduğunu bilirdik. Elə ona görə, də bura gələndən az sonra kilsə xoruna rəhbər qoyduq. Deyir, heç 3 ay keçmədi ki, artıq ierosximonax rütbəsi aldı.

 

- Onun yanına çox adam gəlirdi. Elə o özü də tarixi, ədəbiyyatı, xüsusən bütün dinlərin tarixini əla bilirdi. Fəlsəfəni də eləcə. Onu çox sevirdilər burda. Yadımdadı, 6 ay deyildi burdaydı, bax bu gördüyün ekskursiya bürosunun rəhbərliyini də ona tapşırdılar. Ekskursiya gələnlər artıq öyrənmişdilər, onlara Simon Ata bələdçilik etməsəydi, narazılıq yaranırdı. İnancıl insanlar onu Volqaboyuna, Samaraya, Yekaterinburqa dəvət edirdilər ki, ona qulaq assınlar. Həddindən artıq gözəl nitq qabiliyyəti vardı. Sizə bir həqiqəti də deyim. Onun burada olduğunu biləndə ətrafdan axın-axın gənclər tökülüb gəlirdi. Axı kumirləri olub bir vaxtlar. Xüsusi ilə də qızlar əl çəkmirdi. Burda monastırın qarşısında yatırdılar ki, bircə onu görə biləydilər. Simon isə laqeyd idi onlara qarşı. İndi onun öz dünyası vardı, gecə-gündüz dua  edir, ibadətlə məşğul idi. Nahaq dünya ilə əlaqəsini büsbütün kəsmək istəyirdi. Amma Tanrı şeytana lənət etsin. Görünür şeytan bəzən nəyin bahasına olsun istəyinə nail ola bilir.

- Nəyə?

- Oğlum, bu uzun söhbətdir, həm də günahdır bunları danışmaq. Sadəcə Simon Ata böyük bir günah işlətmişdi. Amma Tanrı onu bağışladı. Yaxşısı budur qurtaraq bu söhbəti. Axı indi o Tanrısına qovuşub.

- Yenə də…

- Bilirsən oğlum, Simon Atanın sizin dünyada şöhrəti çox olub, məşhur adam idi. Tanrı günahımdan keçsin, qızlar axışıb gəlirdi Moskvadan belə onun ardınca. Bir gün də…

 

(Ardı var)

Səbuhi Məmmədli Moskva-Kaluqa

- (Bu araşdırmanın hazırlanmasında göstərdiyi dəstəyə görə Bakcell şirkətinə təşəkkür edirik)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Səbuhi Məmmədli,

Moskva


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2972
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar