Salatın Əsgərova barədə bukletin təqdimatı keçirilib
26 oktyabr 2015 12:37 (UTC +04:00)

Salatın Əsgərova barədə bukletin təqdimatı keçirilib

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Prezident yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Milli Qəhrəmanlarımızın tanıtımı və təbliği: Salatın Əsgərova” layihəsi çərçivəsində növbəti tədbir keçirib.

Birliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, oktyabrın 24-də Yevlax rayon Yuxarı Qarxun kənd orta məktəbində Milli Qəhrəman Salatın Əsgərova barədə məlumatın yer aldığı buklet təqdim olunub. Tədbirdə çıxış edən “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov  Salatın Əsgərovanın həyat yolunun gənclər arasında təbliğ edilməsinin zəruri olduğunu vurğulayıb.

Qeyd edək ki, Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə Bakı şəhəri M. Müşfiq adına 18 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Salatın Əsgərova sonralar jurnalist kimi fəaliyyət göstərib. “Molodyoj Azerbaydjana” qəzetinin əməkdaşı kimi müharibənin ilk günlərindən hərbi mövzuda yazılar yazıb, tez-tez cəbhənin qaynar nöqtələrində olub, heç nədən qorxmadan dəfələrlə erməni kəndlərinə gedib, onları yanlış yoldan geri çağırmağa çalışıb. 1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşüb, olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulub. Nəticədə istedadlı jurnalist, Salatın Əsgərova amansızcasına qətlə yetirilib. Prezidentin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı adı verilib.

     

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 204
avatar

Oxşar yazılar