Təhsil nazirinin fikri YUNESKO-nun "tvitter" səhifəsində paylaşılıb
05 noyabr 2015 10:59 (UTC +04:00)

Təhsil nazirinin fikri YUNESKO-nun "tvitter" səhifəsində paylaşılıb

Noyabrın 4-də YUNESKO-nun Baş Konfransının 38-ci sessiyası çərçivəsində təhsil nazirlərinin yüksək səviyyəli görüşü olub.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarov çıxışında “İncheon” bəyənnaməsinə toxunaraq onun təhsilin inkişafı sahəsində beynəlxalq əməkdaşlıq prosesində mühüm addım olduğunu qeyd edib. O, bildirib ki, təhsil sahəsində göstəriləcək səylərin birləşdirilməsi davamlı inkişaf üçün çox vacibdir. “Təhsil -2030 Fəaliyyət Planı”nın qəbul edilməsi də bu uğurlu birgə səylərin tətbiq ediləcəyinin göstəricisidir.

Belə addımların YUNESKO-nun səmərəliliyini bir daha aydın şəkildə nümayiş etdirdiyini bildirən M.Cabbarov yeni ruh yüksəkliyi ilə innovativ yolların axtarışının vacibliyini vurğulayıb. O, təhsilin inkişafının yoxsulluq və ekstremizmlə mübarizədə ən yaxşı vasitə, bəşəriyyətin üzləşdiyi bir çox problemlərin həlli üçün açar olduğunu diqqətə çatdırıb.

Mikayıl Cabbarov ölkəmizdə təhsil sahəsində yeni islahatların həyata keçirilməsi üçün fəal addımlar atıldığını vurğulayıb. Nazir ilk növbədə uşaqların səmərəli təhsil modelinə uyğun inkişafına dair proqramların reallaşması istiqamətində görülən işlərdən danışaraq inkluziv təhsilin tətbiqi məsələlərinə də toxunub.

Nazir, torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğala məruz qalması nəticəsində yaranan çətin vəziyyətə baxmayaraq Azərbaycan hökumətinin təhsil sektoruna geniş sərmayə yatırdığını bildirərək, ölkəmizdə məktəblərin 70 faizinin əsaslı təmir olunduğunu və ya yenidən tikildiyini bildirib.

Çıxışının sonunda “Təhsilsiz uşaq itirilmiş uşaqdır, uşağı itirmək isə gələcəyi itirməkdir”,- deyən Mikayıl Cabbarov təhsilin nə dərəcədə əhəmiyyətli olduğunu bir daha diqqətə çatdırıb.

Qeyd edək ki, Mikayıl Cabbarovun çıxışı zamanı söylədiyi “Təhsilsiz uşaq itirilmiş uşaqdır, uşağı itirmək isə gələcəyi itirməkdir” fikri YUNESKO-nun “Tvitter” səhifəsində paylaşılıb. Görüşdə növbəti il üçün təhsilin inkişafı məsələlərinə dair büdcə layihəsi qəbul olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 265
avatar

Oxşar yazılar