"Məzun evi" uşaq müəssisələri istifadəyə verildi
20 noyabr 2015 15:46 (UTC +04:00)

"Məzun evi" uşaq müəssisələri istifadəyə verildi

0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin "Məzun evi" Sosial Müəssisəsi (Abşeron rayonu, Masazır kəndi, "Duz zavodu" yolu, 2-ci massiv, ev 1.) dövlət uşaq müəssisələrinin hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının istifadəsinə verilib.

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin məzunlardan artıq 90 nəfəri "Məzun evi"nə köçürülərək, burada normal yaşayış üçün lazımi məişət avadanlıqları və inventarlarla, kommunal xidmətlərlə təmin olunublar. Yaxın bir neçə gündə daha 30 nəfər məzunun da burada yerləşdirilməsi həyata keçiriləcək.

"Məzun evi"nin istifadəyə verilməsi tədbirində ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bu gün respublikamızda dövlət uşaq müəssisələrində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 9,8 mindən çox uşaq dövlət himayəsində yaşadığını vurğulayıb: “Ölkəmizdə dövlət uşaq müəssisələrində tərbiyə alan və 18 yaşı tamam olduqdan sonra bu müəssisələri tərk edən valideyn himayəsindən məhrum, kimsəsiz gənclərin yaşayış sahəsi ilə təmin olunması məqsədilə Nazirlər Kabinetinin müvafiq Sərəncamı əsasında dövlət büdcəsindən vəsait ayrılmaqla, dövlət uşaq müəssisələrinin hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları üçün Abşeron rayonunun Masazır qəsəbəsində ilkin mərhələdə 13 mərtəbəli, 120 mənzilli yaşayış binası və infrastruktur obyektləri inşa olunub. Sonrakı mərhələlərdə isə əlavə olaraq hər biri 120 mənzilli daha 2 yaşayış binasının tikintisi də nəzərdə tutulub”.

Qeyd edək ki, "Məzun evi"ndə hər bir məzuna bir mənzil təqdim olunur. Onların kommunal xərcləri ilk 6 ay müddətində dövlət büdcəsi hesabına ödəniləcək. Binada məskunlaşan və dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alan 23 yaşınadək şəxslərin kommunal xərclərinin isə onların təhsil aldığı müddətdə dövlət büdcəsi hesabına ödənilməsi təmin olunacaq. Məzunlar onlara əvəzsiz olaraq istifadəyə verilmiş yaşayış sahəsini dəyişmək, özgəninkiləşdirmək, kirayəyə və ya digər şəxsin istifadəsinə vermək hüquqlarına malik deyillər.

Tədbirdə həm də bildirilib ki, müəssisədə 50 yerlik kafe və mətbəx, bərbərxana, ticarət salonu, stolüstü oyunlar və internet zalları, camaşırxana var ki, onlarda məzunların özləri işləyəcək, bununla da ümumilikdə 35 məzun işlə təmin olunacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 373

Oxşar yazılar