“Ötən il narkotikə aludə olanların sayı 28 minə çatıb. Bu il də əlavə 500 adam qeydiyyata düşüb. İlin sonunadək bu rəqəm bir az da artacaq”. Bunu jurnalistlərə açıqlamasında Narkotiklərə Qarşı Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev deyib.
Onun sözlərinə görə, aparılan islahatlar problemin miqyasının genişlənməsinin qarşısını alıb: “Amma bir tərəfdən də mövcud problem öz aktuallığını qoruyur. Hüquq-mühafizə orqanları istər ölkəyə qeyri-qanuni narkotik vasitələr gətirilməsi, istərsə də ölkə daxilində qara bazara narkotik çıxarılmasının qarşısının alınmasında müxtəlif işlər görür. Ötən il 1.5 ton narkotik maddə dövriyyədən çıxarılıb. Bu da ondan xəbər verir ki, DİN, MTN, Dövlət Sərhəd Xidməti əməliyyat tədbirlərini sərtləşdirib”.
M.Əfəndiyev vurğulayıb ki, əsas məsələlərdən biri də tələbin azaldılmasıdır: “Bu istiqamətdə də maarifləndirmə, təbliğat işləri düzgün müəyyənləşdirilməlidir. Narkotik aludəçilərinin həyata qaytarılması üçün işlər görülməlidir. Reabilitasiya mərkəzinin yaradılması məsələsi gecikir. Bu işdə daha ciddi nəticə əldə etmək lazımdır. Dünən prezident İlham Əliyevin imzaladığı dövlət proqramı da əsasən buna istiqamətlənib. Görülmüş işlər bundan sonra davam etdiriləcək. Görülməmiş işlər isə adı çəkilən proqram çərçivəsində həyata keçiriləcək”.