Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası 2015-ci il üçün son iclasını keçirib.
Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun başçılıq etdiyi komissiyanın üzvləri 5 məsələni araşdırıb.
Əvvəlcə müstəqil jurnalist Xalid Kazımovun «Milli.az» internet portalı ilə bağlı müraciətinə baxılıb və komissiya tərəfləri dinləyərək şikayət doğuran yazıda etik prinsiplərin bir sıra tələblərinin pozulması rəyinə gəlib. Lakin sayt sonradan qarşı tərəfin mövqeyinə aydınlıq gətirib. Komissiya bunu məqbul sayıb. Eyni zamanda həmin kütləvi informasiya vasitəsinə bu kimi yazıların təqdimatına daha həssas yanaşmağı tövsiyə edib.
İclasda həmçinin 5 KİV-lə əlaqədar materialların araşdırılmaq üçün Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasına göndərilməsi məntiqi hesab olunub.
İclasda «Azfakt.az», «Azerinfo.org», «Reportyor.tv» və «pia.az» saytlarının da adlarının MŞ-nin «qara siyahı»sına salınması məsələsinə həmin komissiyanın Şuranın İdarə Heyətinə təqdimatından sonra baxılması qərarı alınıb.
Müzakirələr zamanı bildirilib ki, bu KİV-lərin Ağdam Rayon İcra Hakimiyyəti barədə yayımladıqları məlumatların əksəriyyəti peşə etikasına zidd şəkildə, korporativ həmkarlıq formasında yayımlanıb. Belə materiallar bir qayda olaraq informasiyaların nə dərəcədə həqiqiliyi yoxlanılmadan verilir, bunlarda şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun aşağılanmasına yönələn fikirlər yer alır.
Çıxışlarda o da vurğulanıb ki, ölkədə oxşar metodlarla birgə hərəkət edən 30-a yaxın sayt mövcuddur. Mətbuat Şurası bu cür hallara qarşı mübarizənin yeni vasitələrini nəzərdən keçirməlidir.
Ağdam şəhər sakini Rafiq Nəbiyevin «ölkə.az» saytı ilə əlaqədar müraciətinin müzakirəsində cavabdeh tərəfə müraciət müəllifinin mövqeyinin yayımlaması tövsiyə olunub.
Son olaraq, «Gundemxeber.az» saytı Ucar şəhər sakini Vahid İbrahimovun müraciəti əsasında şikayət doğuran materialı oradan götürdüyü üçün məsələ həllini tapmış hesab edilib.