Futbolçu Cavid Hüseynovun anası Mətbuat Şurasına müraciət edib
17 may 2016 17:44 (UTC +04:00)

Futbolçu Cavid Hüseynovun anası Mətbuat Şurasına müraciət edib

0

 

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.

 

Şuradan Lent.az-a verilən məlumata görə,  öncə Balakən rayonunun Mahamalar kənd sakini Sabir Məmmədovun «Azadlıq» qəzetinin  16 mart 2016-cı ildə onunla bağlı təqdim etdiyi yazı barədə müraciətinə baxılıb. Komissiya narazılıq doğuran materialda məktub müəllifi haqqında ittiham xarakterli fikirlərin yer almasına baxmayaraq qarşı tərəfin məsələyə münasibət bildirməməsini etik pozuntu sayıb. Qəzetə balansın gözlənilmədiyi irad tutulub və şikayətçinin mövqeyini işıqlandırması tövsiyə olunub.

Respublika Sanitariya-Karantin Mərkəzinin «Bələdiyyə birliyi» qəzetində gedən «Zərgərpalanda plan tökənlər» (28 aprel 2016-cı il) sərlövhəli yazı ilə bağlı müraciəti araşdırılarkən bir neçə məqama diqqət yetirilib.

Bildirilib ki, materialda həqiqətən etik prinsiplərin bir sıra tələbləri pozulub. Komissiya qənaətə gəlib ki, bunun baş verməsində qəzetin həmin qurumdan məlumat alması üçün lazımi  şəraitin yaradılmadığı da  təsirsiz qalmayıb.Hər iki tərəf iradlarla razılaşıb. Komissiya tərəflər arasında anlaşma əldə olduğunu əsas götürərək məsələni həllini tapmış hesab edib.

İclasda Bakı şəhər sakini Kənan Əhmədovun «Criminal.az» saytında gedən faciə motivli görüntünün həmin ailəyə sarsıntılar yaşatması barədə müraciəti araşdırılarkən rəyə gəlinib ki, məsələ müsbət həllini tapmalıdır. Çünki bu, həm də ailənin əlavə mənəvi-psixoloji sarsıntılara məruz qalmasının qarşısını alar. Sayta  fotogörüntünün oradan çıxarılması tövsiyə olunub.

Komissiya rəyə  gəlib ki, istintaq altında olan, yaxud məhkəməsi gedən şəxs barədə medianın ittiham xarakterli fikirləri qabartması yolverilməz haldır. Belə hal «Qəbələ» futbol klubunun sabiq üzvü Cavid Hüseynov haqqında  bir sıra kütləvi informasiya vasitələrinin təqdim etdiyi yazılarda  da özünü biruzə verməkdədir. Komissiya C.Hüseynovun anasının müraciətində həmin tipli məlumatların bu ailəyə sarsıntılar yaşatdığı qənaətinə gəlib, faciə ilə üzləşən digər tərəfin də hisslərinin nəzərə alınmasını vacib hesab edib.

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi iclasa gəlmədiyindən bu səhiyyə  şəbəkəsinin «Xeberal.az» saytı barədə şikayəti gündəlikdən çıxarılıb.

Bakı şəhər sakini Cahangir Hüseynovun «Gündəlik Bakı» qəzeti  və  «İdeologiya.az» saytı haqqında müraciətinə də baxılmaması məntiqi sayılıb. Məlumat verilib ki, hər iki KİV-lə bağlı  məhkəmə iddiası qaldırıldığı üçün prosedur qaydalar  MŞ-də belə şikayətlərə baxılmasını istisna  edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 352

Oxşar yazılar