Mənəvi zərər necə ödənilməlidir?
13 avqust 2013 10:36 (UTC +04:00)

Mənəvi zərər necə ödənilməlidir?

Azərbaycanın qüvvədə olan qanunvericiliyi şəxsə vurulmuş mənəvi zərərin əvəzini tələb etmək hüququ verir. Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi Dünyamin Novruzov Lent.az-a bildirib ki, maddi zərərdən fərqli olaraq, bu növ tələblərlə bağlı məhkəmə təcrübəsində kifayət qədər problemlər mövcuddur. Bu, ölkəmizdə mənəvi zərərlə bağlı iddia tələblərinin kifayət qədər yeni olması ilə yanaşı, həmin növ zərərin özünün də mahiyyəti, yəni pulla ifadəsinin çətinliyi ilə bağlıdır: “ Qanunvericilikdə bununla bağlı konkret norma mövcud olmadığından, bu məsələ müxtəlif normativ-hüquqi sənədlərlə tənzimlənir. Məsələn, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 12-ci maddəsinə görə istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. “Turizm haqqında” qanunun 6-cı maddəsinin 1.4-cü hissəsinə görə turistin turizm məhsulunun pərakəndə alqı-satqı müqaviləsi şərtlərinin turoperator və ya turagent tərəfindən yerinə yetirilmədiyi hallarda ona dəymiş maddi və mənəvi zərərlərin əvəzinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilməsini tələb etmək hüququ vardır. Eyni zamanda, məhkəmələr mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı iddialara baxarkən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci, Ali Məhkəmənin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli qərarlarına istinad edirlər. Mənəvi zərər şəxsin əmlak və ya  şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Konstitusiya Məhkəməsinin adıçəkilən qərarında qeyd olunur ki,  mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir”.

D.Novruzovun sözlərinə görə, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Hüquq məsləhətçisi deyir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır: “Konstitusiya Məhkəməsinin məlum qərarında deyilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Konstitusiya  ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmalı və hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Ali Məhkəmənin Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Mülki Məcəllədə müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Həmçinin məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Həmin qərarda qeyd olunur ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı , zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır”.

 

D.Novruzov bildirib ki, mülki qanunvericilikdə şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi həyat sirri və şəxsi toxunulmazlıqla bağlı pozuntuların nəticəsində dəymiş zərərin ödənilməsi nəzərdə tutulsa da, digər şəxsi qeyri-əmlak hüquqlarından və qeyri-maddi nemətlərdən istifadə etmək hüquqlarının pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi müəyyən olunmayıb.

Bunu nəzərə alan Konstitusiya Məhkəməsi sözügedən qərarında  Milli Məclisə Mülki Məcəllədə digər qeyri-əmlak hüquqlarının və qeyri-maddi nemətlərin müdafiəsini müəyyən etməyi tövsiyə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1073
avatar

Oxşar yazılar