Nazirlər Kabineti “Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən meliorasiya və su təsərrüfatı işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin təsdiq edilməsi barədə qərar verib.
Lent.az-ın verdiyi məlumata görə, büdcədən maliyyələşdirilən meliorasiya və su təsərrüfatı müəssisələrində çalışan işçilərinin əməyi əmək qanunvericiliyi əsasında əməyin ödənilməsinin aylıq tarif (vəzifə) maaşı, vaxtamuzd və ya işəmuzd sistemləri üzrə ödənilir.
Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan meliorasiya və su təsərrüfatı işçilərinə əlavələr “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin qərarına uyğun olaraq ödənilir. Meliorasiya və su təsərrüfatı işçilərinə gecə vaxtı işə görə əməkhaqqına əlavələr “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əməkhaqqı həddinin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin qərarına uyğun olaraq verilir. Meliorasiya və su təsərrüfatı sahəsində çalışan avtomobil sürücülərinə peşəkarlıq səriştəsindən və işgüzar keyfiyyətlərindən asılı olaraq 1-ci və 2-ci ixtisas sinfi müəyyənləşdirildikdə, ixtisas sinfinə görə əməkhaqqına əlavələr “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda çalışan avtomobil sürücülərinə ixtisas sinfinə görə əmək haqqına əlavənin ödənilməsi haqqında” Nazirlər Kabinetinin qərarına əsasən ödənilir.