Bakı Şəhəri üzrə Təhsil İdarəsi yeni dərs ilinin əvvəlindən məktəblərdə artıq maliyyə pozuntularının qarşısını almaq üçün araşdırmalara başlayacaq. Lent-az-ın məlumatına görə, bunu İdarənin müdir əvəzi Məhəmməd Bayramov deyib.
Onun sözlərinə görə, ötən dərs ilində idarənin maliyyə-təsərrüfat fəaliyyəti Hesablamalar Palatası tərəfindən audit edilib. Auditin nəticələri normal olub, yeyinti halları aşkar olunmayıb: “Sadəcə, bəzi hallarda artıq xərcləmə, bəzi hallarda isə az xərcləmə aşkar olunub. Artıq xərcləmə əsasən məktəb direktorlarının günahı üzündən baş verib. Yəni maliyyə işçilərində bir nöqsan aşkar olunmasa da, direktorların maliyyə işində müəyyən boşluğa yol verdikləri aşkar olunub”.
M. Bayramov qeyd edib ki, bəzən şagird sayı çatmadığı halda, 19 nəfərdən ibarət olan sinif xarici dilin tədrisində iki yerə bölünüb və bununla da maliyyə israfçılığına yol verilib: “Paralel siniflərin birindən digərinə şagird keçirməklə saxta sinif açılıb. Bunların hamısı bu dərs ilinin başlanğıcından başlayaraq araşdırılacaq”.