Mayın 30-da Masallı şəhərindəki Gənclər Mərkəzində “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın təbliği və tətbiqi, seçki hüququ məsələlərinin müzakirəsinə həsr olunmuş ictimai dinləmələr keçirilib.
Rayon icra hakimiyyətində Lent.az-a verilən məlumata görə, tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, ərazi icra nümayəndələrinin, bələdiyyələrin, QHT-lərin, KİV-lərin, ictmaiyyətin nümayəndələri, rayon sakinləri iştirak ediblər.
Toplantıda çıxış edən Ombudsman Elmira Süleymanova “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” haqqında məlumat verərək bildirib ki, «Milli Fəaliyyət Proqramı» insan hüquqları sahəsində islahatların yeni bir mərhələsidir.
Ombudsman E. Süleymanova ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini ehtiva edən və həyata keçirilməsi müvafiq dövlət proqramları vasitəsilə gerçəkləşdiriləcək "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasını da xüsusi qeyd edərək, respublikamızın yeni inkişaf mərhələsində əsas məqsədinin çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişafın təmin olunması və əhalinin rifahının yüksək səviyyəyə çatdırılmasından ibarət olduğunu, habelə ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasının insan hüquqlarının da təşəkkülünə mühüm töhfələr verdiyini bildirib.
E.Süleymanova respublikamızda insan hüquqları sahəsində ilk proqramın- “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın Ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edildiyini və ölkəmizdə müvafiq sahədə önəmli rol oynadığını, o cümlədən prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş «Milli Fəaliyyət Proqramı»nın 2006-cı ildən uğurla həyata keçirilən İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının məntiqi davamı olaraq, yeni prioritetlərə uyğun konkret istiqamətlər, tədbirlər müəyyən etdiyini bildirib.
Ombudsman 2013-cü ilin Azərbaycanda prezident seçkisi ili olduğunu xatırladaraq, seçki təcrübəsinin təkmilləşdirilməsi ilə əlaqədar olaraq Azərbaycan prezidentinin uyğun sərəncamlarının əhəmiyyətini, bu sənədlərin təbliğinin və tətbiqinin zəruriliyini qeyd edib, əhalinin seçkilərdə fəal iştirakının, bu seçkilərin də demokratik, ədalətli, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Sonra çıxış edən Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov
bu ictimai dinləmənin əhəmiyyətini qeyd edib. O, dövlətimizin başçısı cənab İlham Əliyevin dəstək və qayğısı nəticəsində, Regionların sosial-iqtisadi inkişafı Proqramına müvafiq olaraq, respublikamızda, o cümlədən Masallıda sosial-iqtisadi inkişaf siyasətinin uğurla həyata keçirildiyini, əhalinin rifah halının yaxşılaşdığını və bu sahədə işlərin davam etdirildiyini bildirib.
Sonra müzakirələrdə rayon polis şöbəsinin rəisi Nəriman İmanov, rayon prokuroru Fikrət Əsgərov, xalq hakimi Nemət Musayev, “Yeni həyat” qəzetinin baş redaktoru Əyyub Mehdiyev və başqaları “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın icrası istiqamətində rayonda görülmüş işlərdən, həyata keçirilən tədbirlərdən danışıblar.
Tədbirin sonunda Ombudsman Elmira Süleymanova vətəndaşları qəbul edərək onların müraciərlərini dinləyib.