Bakıda arvadını öldürən ər məhkəmədə danışdı: “Bıçağı  corabımdan çıxardım...”
13 oktyabr 2026 15:16 (UTC +04:00)

Bakıda arvadını öldürən ər məhkəmədə danışdı: “Bıçağı corabımdan çıxardım...”

0

Bakıda 35 yaşlı müəllimə Pərvanə Abbasovanı bıçaqlayaraq öldürməkdə təqsirləndirilən həyat yoldaşı Vasif Abbasov hakim qarşısına çıxarılıb.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən Vasif Abbasov ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilib.

Məhkəmədə ifadə verən V.Abbasov həyat yoldaşı ilə münasibətlərinin bir müddətdir gərgin olduğunu bildirib.

Onun sözlərinə görə, Pərvanə Abbasova ixtisasca müəllim olub və işləmək istəyib:

“Pərvanə ixtisasca müəllimə idi, işləmək istədiyini deyirdi. Onu işə düzəltmək üçün kredit götürdüm. Sonra işləmək üçün üç aylıq İsrailə getdim. Qayıdanda həyat yoldaşımın telefonda başqa adamla yazışmasını gördüm. Pərvanə əvvəl belə deyildi, onu rəfiqəsi Könül yoldan çıxardı”.

Təqsirləndirilən şəxs ailəsini təmin etmək üçün iki işdə çalışdığını, lakin sonradan həyat yoldaşının boşanmaq istədiyini deyib.

“Məndən ayrılmağı, boşanmağı tələb edirdi. Aramızda artıq hörmət qalmamışdı. Mənə deyirdi ki, elə bir adam tapmışam, səni yox edib tutduracağam. Rəfiqəsinin təsiri ilə məni polisə şikayət etdi ki, guya ona şiddət göstərmişəm. Polis məni idarəyə çağırdı, sonra buraxdılar”, – deyə V.Abbasov ifadəsində bildirib.

“Məqsədim onu boşanmaq fikrindən daşındırmaq idi”

Hadisə günündən danışan təqsirləndirilən şəxs həyat yoldaşı ilə barışmaq istədiyini iddia edib:

“Hadisə günü getdim ki, Pərvanəni boşanmaq fikrindən daşındırım. Oğlum rayonda idi, qızım isə evin yanındakı marketə getmişdi. Nə qədər çalışdım, dilə tutdumsa, razı sala bilmədim. Elə deyirdi ki, səni aradan götürtdürəcəyəm”.

V.Abbasov həyat yoldaşını bıçaqladığı anı isə belə təsvir edib:

“Mən ömrümdə quş başı kəsməyən adam idim. Anam kənddə mənə heyvan kəsdirə bilmirdi. Elə həddə gəldim ki, özümdə olmadım. Corabımın içindən çıxardığım bıçağı ona necə vurduğumu bilmədim. Sonra ‘102’yə zəng etdim. Marketdən qayıdan qızımla görüşüb evdən çıxdım”.

Məhkəmənin növbəti iclası oktyabrın 20-si saat 10:45-ə təyin edilib.

Xatırladaq ki, hadisə 2026-cı il martın 20-də Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib.

118 nömrəli tam orta məktəbin 35 yaşlı müəlliməsi Pərvanə Abbasova səhər saatlarında bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə əlaqədar qadının 43 yaşlı həyat yoldaşı Vasif Zahid oğlu Abbasov saxlanılıb.

Pərvanə Abbasovanın həmkarları daha əvvəl onun uzun müddət həyat yoldaşı tərəfindən zorakılığa məruz qaldığını, övladları ilə hədələndiyini və evdən çıxmasına mane olunduğunu iddia ediblər.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar