Danimarkada qidalardakı sənaye mənşəli transyağların məhdudlaşdırılmasından sonra ürək-damar xəstəliklərindən ölüm göstəricilərində azalma qeydə alınıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Danimarka 2003-cü ildə sənaye mənşəli transyağları qanunla məhdudlaşdıran ilk ölkə olub.
Qidalarda hər 100 qram yağa düşən transyağın maksimum miqdarı 2 qram müəyyən edilib. Məhdudiyyət heyvan mənşəli məhsullarda təbii şəkildə olan transyağlara şamil edilməyib.
Qərardan sonra nə dəyişib?
Danimarkanın digər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri ilə müqayisə edildiyi araşdırmada məhdudiyyətin ilk üç ilində ürək-damar xəstəliklərindən illik ölüm göstəricisinin hər 100 min nəfərə orta hesabla 14,2 hal daha aşağı olduğu hesablanıb.
Bu nəticə transyağların azaldılmasının əhalinin ürək sağlamlığına müsbət təsir göstərə biləcəyini ortaya qoyub.
Transyağlar hansı məhsullarda olur?
Sənaye mənşəli transyağların əsas mənbəyi qismən hidrogenləşdirilmiş bitki yağlarıdır. Bu yağlardan bəzi şirniyyatların, hazır xəmirlərin, kremlərin, qəlyanaltıların və sürətli hazırlanan yeməklərin istehsalında istifadə oluna bilər.
Qismən hidrogenləşdirmə maye yağı daha bərk hala gətirir və onun saxlanma müddətini uzatmağa kömək edir. Lakin bu proses zamanı yaranan transyağlar sağlamlığa mənfi təsir göstərir.
Məhsul alarkən tərkib siyahısında “qismən hidrogenləşdirilmiş bitki yağı” ifadəsinə diqqət yetirmək tövsiyə olunur.
Ürək və damarlara necə təsir edir?
Transyağlar qanda “pis” adlandırılan LDL xolesterinin səviyyəsini artırır, “yaxşı” HDL xolesterinin səviyyəsini isə azalda bilir. Bu dəyişikliklər damarlarda yağlı çöküntülərin yaranmasına və ürək xəstəlikləri riskinin yüksəlməsinə şərait yaradır.
Ümumdünya Səhiyyə Təşkilatı transyağların gündəlik qidadan alınan ümumi enerjinin 1 faizindən azını təşkil etməsini tövsiyə edir.