Suya düşən telefonu düyünün içinə qoymaq geniş yayılan üsullardan biridir. Lakin düyü cihazın daxilindəki nəmi effektiv şəkildə çəkmir. Üstəlik, onun xırda hissəcikləri şarj girişinə dolaraq əlavə problem yarada bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, düyünün suyu udması onun telefonun içərisindəki nəmi də sürətlə çəkəcəyi anlamına gəlmir.
Bişirmə zamanı suyun udulması ilə havadakı və ya cihazın daxilindəki nəmin çəkilməsi fərqli proseslərdir.
Telefon düyünün içində qalarkən quruyursa, bu, sadəcə zaman keçdikcə suyun buxarlanması ilə bağlı ola bilər. Düyünün cihazı xilas edən xüsusi təsiri yoxdur.
Nəm çəkən silikagel düyüdən daha effektiv olsa da, o da suyun zədələdiyi telefonu bərpa etməyə zəmanət vermir.
Şarj girişini çirkləndirə bilər
Düyü dənələri bir-birinə sürtündükcə xırda toz hissəcikləri yaranır. Bu hissəciklər telefonun şarj girişinə və korpusundakı digər kiçik dəliklərə doluşa bilər.
Düyü tozu nəmlə qarışdıqda yapışqan kütləyə çevrilir və onu təmizləmək çətinləşir. Hissəciklərin telefonun daxilinə keçməsi də şərt deyil: təkcə şarj girişinin çirklənməsi cihazdan istifadəni çətinləşdirə bilər.

Telefon islananda nə etmək lazımdır?
İlk növbədə telefonu şarj kabelindən ayırın və söndürün. Qabını çıxarıb səthindəki suyu yumşaq, quru parça ilə ehtiyatla silin.
Şarj girişini aşağı tutaraq telefonu ovucunuza yüngülcə vurmaq artıq mayenin çıxmasına kömək edə bilər. Cihazı güclü silkələmək, girişlərinə əşya salmaq və ya sıxılmış hava üfürmək olmaz.
Telefonu quru, hava dövranı olan yerdə saxlayın. Sərin hava verən ventilyator qurumağa kömək edə bilər. Fen, radiator və digər istilik mənbələrindən istifadə etməyin.
Şarj girişi və kabel tam qurumadan telefonu naqillə şarj etməyin. Quruma müddəti islanmanın dərəcəsindən asılıdır; səthin quru görünməsi cihazın daxilində də nəm qalmadığı demək deyil.
Suya davamlılıq tam zəmanət deyil

Müasir smartfonların bir çoxu suya qarşı qorunsa da, bu, onların istənilən şəraitdə zədələnməyəcəyi anlamına gəlmir. Hətta IP68 göstəricisi də mütləq su keçirməzlik demək deyil.
Telefon ciddi şəkildə islanıbsa, açılmırsa və ya işində problem yaranıbsa, peşəkar diaqnostika tələb oluna bilər. Belə vəziyyətdə nə düyü, nə silikagel, nə də uzun müddət qurutmaq cihazın bərpasına zəmanət verir.