Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə statistik göstəricilər açıqlanıb
Magistraturaya qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı bəzi statistik göstəricilər açıqlanıb.
DİM-dən Lent.az-a verilən məlumata görə, bu il imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən bakalavrların sayı 12387 nəfər olub. Ötən ilə isə 13081 bakalavr ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim edib. Ötən il magistraturaya qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlardan 109 nəfər, bu il isə 146 nəfər imtahana gəlməyib. Xatırladaq ki, iki il bundan öncə isə bu rəqəm dəfələrlə artıq - 1695 nəfər idi.
Bal intervalları üzrə nəticələrin təhlili göstərir ki, ötən il imtahan iştirakçılarının 57.99 faizi (7523 nəfər) 51 və daha yuxarı bal topladığı halda, bu il həmin göstərici 49.73 faizə (6087 nəfər) bərabər olub. Həmçinin bu il 41 və daha yuxarı bal toplayanların faizi 77.67 (9508 nəfər), ötən il isə müvafiq göstərici 81.64 faiz (10591 nəfər) olub.
Bu il ümumilikdə 2733 nəfər (22.33 faiz) 40 və daha aşağı bal toplayıb. Ötən il isə müvafiq göstərici 2381 nəfər (18.35 faiz) idi.
Xatırladaq ki, imtahanın birinci mərhələsində bakalavrlara məntiqi təfəkkür üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunur. Hər bir blok üzrə son 5 sual açıq formalı test tapşırıqlarından ibarətdir. İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Bakalavrların hər düzgün cavabı bir balla qiymətləndirilir.
328