Magistraturaya qəbul imtahanlarında iştirak etmək istəyən 9844 nəfər “elektron ərizə” formasını doldurub.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onlardan 8782 nəfər ərizəsini təsdiqləyib.
Bildirək ki, ərizəsini təsdiq edənlərin 7940 nəfəri Azərbaycan bölməsi, 842 nəfər isə rus bölməsi üzrə bitirən bakalavrlardır.
Xatırladaq ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasinin ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına tələbə qəbulu elan edib. Magistraturaya qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavrlar fevralın 10-dan 19-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə (eservices.tqdk.gov.az/erizemag/erize) daxil olaraq şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və FİN kodundan) və TQDK-nın virtual ödəmə kartındakı iş nömrəsi və şifrdən istifadə etməklə oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurub, onu təsdiq etdirməlidir.
Virtual ödəmə kartını internet ödəmə və ya SMS xidmətləri vasitəsi ilə əldə etmək olar.