Lent. az kollektivi saytın 5 illik yubileyini qeyd edib. Tortu Lent.az-ın keçmiş əməkdaşı, hazırda APA TV-nin aparıcı müxbiri olan Jalə Məmmədli kəsib, kollektivi təbrik edib.
Kollektivi ötən dövr ərzində qazanılan uğurlarla bağlı təbrik edən “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı deyib ki, Lent. az yaranana qədər internet media məkanında agentliklər fəaliyyət göstərir və bu agentliklərdə də spesifik mövzular yer alırdı: “Lent. az- bu sərhədləri sındırdı, oxucunu maraqlandıran bütün mövzulara yer verməyə başladı. Bir zaman Lent. az-a fərqli yanaşanlar başqa internet portalları yaranandan və fəaliyyət göstərməyə başlayandan sonra Lent.az-a daha hörmətlə yanaşmağa başladılar. Çünki həmin portallar “Sarı mətbuat”ın təmsilçisinə çevrildilər və oxucular da bu saytın internet media məkanında səviyyəsi və çəkisinin çox yüksək olduğunu gördülər, qiymətləndirdilər. Lent.az həm də portalın baş direktoru Qabil Abbasoğluna bənzəyir. Həlimdir, ancaq prinsipiallığını hər zaman qoruyur! Bu sayt 5 illiklər, 10 illiklər üçün yaradılmayıb, daha böyük uğurlar arzulayıram”.
Qabil Abbasoğlu isə Azərbaycanda internet qəzetçiliyin yaranması və inkişafında Lent.az-ın xüsusi rolu olduğunu söyləyib: “Lent.az bu səviyyəyə kərpici kərpicin üzərinə qoymaqla nail olub. Lent.az-da əməyi olan hər kəsə təşəkkür edirəm. Lent.az daha böyük uğurlara imza atacaq”.