Lənkəranda  “Açıq qapı günü”- vətəndaş forumu keçirilib
21 oktyabr 2015 13:11 (UTC +04:00)

Lənkəranda “Açıq qapı günü”- vətəndaş forumu keçirilib

0

 

Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq bu gün Lənkəran şəhərində növbəti regional “Açıq qapı günü”-vətəndaş forumu keçirib.

DSMF-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Lənkəran, Astara, Lerik, Masallı və Yardımlı rayonlarından olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıların qatıldığı “Sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılması” mövzusuna həsr olunan tədbirdə iştirakçıların sığorta-pensiya sisteminə dair çoxsaylı sualları cavablandırılıb, mövzu ilə bağlı ətraflı müzakirələr aparılıb.

Müzakirələrin gedişində Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Famil Qədimov bildirib ki, çoxsaylı pensiyaçı və sığortaolunanlar kontingentinə qabaqcıl beynəlxalq təcrübəyə uyğun avtomatlaşdırılmış xidmətin təşkili məsələlərinin həllində Fond öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Bu sahədə ardıcıl tədbirlərin həyata keçirilməsi nəticəsində bu ilin 9 ayı ərzində Fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz azalıb.

F.Qədimov ölkəmizin sığorta-pensiya sistemində təqdim olunan elektron xidmətlərin pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üzrə olmaqla üç istiqamətdə aparıldığını vurğulayıb və qeyd edib ki, hazırda Fondun mərkəzi məlumat bazasında 1 milyon 293 minə yaxın pensiyaçı, 3 milyon 136 mindən çox sığortaolunan barədə müvafiq məlumatlar toplanıb ki, bu da ölkə əhalisinin 45 faizindən çox hissəsini təşkil edir.

Forumda “Elektron hökumət” portalının statistikasına əsasən DSMF-nin göstərdiyi elektron xidmətlərin ən çox istifadə olunan xidmətlər sırasında yer aldığı diqqətə çatdırılıb . Bu xidmətlər 5 növ müavinətlər üçün müraciətlərin elektron qaydada təqdim olunmasını nəzərdə tutur. Bunlar əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə müavinət, uşağa qulluğa görə müavinət və dəfn üçün müavinətdir.

Tədbirdə bildirilib ki, sığorta-pensiya sisteminin yeni inkişaf mərhələsində prioritet hədəflər “2014-2020-ci illərdə pensiya təminatı islahatı konsepsiyası”nın çərçivəsində müəyyən olunub. Bu konsepsiya ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olunması məqsədi daşıyır.

Təqdimatda çıxış edən Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Azər Məmmədov və Elnur İbrahimov da iştirak edərək tədbir iştirakçılarının suallarını cavablandırıblar.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 359

Oxşar yazılar