Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Hacıqabul Süd” MMC-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Salyan Ərazi İdarəsi şirniyyat məhsullarının istehsalına dövlət nəzarəti həyata keçirib. Bu barədə Lent.az-a verilən məlumata görə, araşdırma zamanı istehsal olunan şərq şirniyyatının uyğunluq sertifikatı, pirojnanın uyğunluq və gigiyenik sertifikatları, reseptura və texnoloji prosesi reqlamentləşdirən sənədləri, o cümlədən xammalın müvafiq sənədlərinin olmadığı müəyyən olunub. Bundan başqa, müəssisədə sanitariya norma və qaydaları pozulub, hazır məhsulların və xammalın saxlanılması standartın tələblərinə uyğun olmayıb.
Komitədən bildirilib ki, aşkar olunan bu və digər nöqsanlarla əlaqədar olaraq “Hacıqabul Süd” MMC-yə məxsus şirniyyat sexində şərq şirniyyatı və pirojna məhsulunun istehsalı və satışı qadağan edilib.