“SSRİ dağıldıqdan sonra mənzil və kommunal idarələrdə istilik-qızdırma sistemində baş verən uzunmüddətli fasilə əhalinin mərkəzləşmiş istilik sisteminə olan etibarının itməsinə səbəb oldu. İndi yavaş-yavaş bu problem aradan qalxır. Lakin çoxları mənzillərdə təmir işləri apararkən köhnə istilik xətlərini çıxarıblar. Hazırda bu, bizim qarşılaşdığımız böyük problemlərdən biridir. Bu məsələni həll etməyin ən yaxşı üsulu qonşuların təsir göstərməsi¸ əgər istilik xəttini bərpa etmək mümkün olmasa, həmin mənzilin sahibini məhkəməyə verməkdir”.
Bu fikirləri APA TV-də efirə gedən “Sosium” verilişinə qonaq olan “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri xidməti idarəsinin rəisi Rafiq Əliyev deyib.
Mütəxəssis mərkəzləşmiş istilik sistemindən istifadənin faydalarından danışıb: “Əslində, mənzil və kommunal idarələrin, məktəb və uşaq bağçalarının mərkəzləşdirilmiş istilik sistemi ilə qızdırılmasının müsbət tərəfləri çoxdur. Bu, həm ekoloji cəhətdən təmizdir, həm iqtisadi baxımdan faydalıdır, həm də təhlükəsizdir”.
Rafiq Əliyev “Azəristiliktəchizat” ASC-nin son illər gördüyü işlər barədə məlumat verib: “2013-cü ilin investisiya proqramı çərçivəsində 523 layihə həyata keçirilib. Buna 15 qazanxananın tikintisi, 16 qazanxananın təmiri, 20 istilik məntəqəsinin yenidən qurulması, 6 məktəbin, 2 uşaq bağçasının, 1 səhiyyə obyektinin, 394 yaşayış binasının istiliklə təmin olunması daxildir”.
Qonaq bəzən soyuq havalarda istilik sisteminin tələblərə cavab verməməsi bağlı iradlara da aydınlıq gətirib: “Mənzillərə verilən İstilik ətraf mühitin temperaturundan asılı olaraq tənzimlənir. Mənzillərin yaxşı qızmamasının səbəbi müxtəlifdir. Bunun əsas səbəbi çox vaxt mərkəzləşmiş istilik xətlərinin ərp bağlamasıdır. Bu boruların təmizlənməsi bizim idarənin vəzifəsi deyil. Əslində, xətlərin hazırlıq vəziyyəti ilə mülkiyyətçilər və MKİS məşğul olmalıdır. Bizim işimiz əsas istilik mənbəyini, qazanxanaların işini təmin etmək, istilik xətlərini binaların girişinə qədər gətirməkdir. Qalan işləri mənzil sahibləri və bina mülkiyyətçiləri görməlidir”.
Rafiq Əliyev yeni tikilən binaların istilik sisteminə qoşulması ilə bağlı bəzi məqamlara toxunub: “Yeni tikilən binalarda istilik sisteminin qurulması əvvəlcədən nəzərdə tutulmur. Lakin bəzi binalar könüllü şəkildə bizim xidmətlərimizdən istifadə etmək üçün müraciət edirlər. Bİz həmin binaların texniki göstəricilərini nəzərə alıb istiliklə təmin olunmasına şərait yaradırıq. Artıq bina tikilməmiş istilik sisteminin layihədə nəzərə alınması barədə də müraciətlər olur”.
Mütəxəssis məktəb və uşaq bağçalarının qızdırılmasından da danışıb: “Hazırda Bakıdakı məktəblərin 50 faizi öz fərdi istilik sistemi hesabına, 50 faizi isə “Azəristiliktəchizat” ASC-nin hesabına qızdırılır. Bizim idarə Sumqayıtda da 230 min mənzilin və bir çox sosial obyektin istilik təchizatını təmin edir”.