Köçkünlər köçüb, yurdu qalıb
30 avqust 2013 17:20 (UTC +04:00)

Köçkünlər köçüb, yurdu qalıb

Sentyabrın 1-dən ADNA-nın tələbə yataqxanasında içməli su, təbii qaz və elektrik enerjisi təchizatı dayandırılacaq

 

Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) tələbə yataqxanalarında məskunlaşmış məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi başa çatmaq üzrədir. Belə ki, avqustun 1-dən start verilmiş köçürmədən sonra həmin yataqxanalarda məskunlaşmış 800-ə yaxın ailənin 98 faizdən çoxu artıq Masazırda salınmış şəhərcikdəki mənzillərə köçürülüb. Məcburi köçkünlərin 20 il ərzində yaşadığı, daim qaynarlığı ilə diqqəti çəkən 6 binadan ibarət yataqxana kompleksi indi boş və kimsəsiz tikililərdən başqa bir şey deyil. Cəmi 15-20 gün əvvələ qədər paytaxtın mərkəzi hissəsinin ən gur məhəllələrindən sayılan bu yataqxana kompleksində tək-tək insanlar gözə dəyir. Belə ki, köçürülmə prosesinə bir ay əvvəl başlanılsa da, məcburi köçkün ailələrinin bəziləri 20 il ərzində yaşadıqları yataqxanalardan köçürülməyib. Buna səbəb kimi həmin ailələrin vətəndaşlıq və qeydiyyat sənədlərinin qaydasında olmadığı bildirilir. Mənzillə təmin olunmamış bu ailələr isə yataqxanada qalmalarının səbəbinin mənzil bölgüsündə ədalətsizliyə yol verilməsi ilə əlaqələndirir.  Bu arada belə bir məlumat dolaşır ki, Bakı Dövlət Universitetinin yataqxanalarında olduğu kimi, yaxın vaxtlarda ADNA-nın yataqxanalarının da söküntüsünə başlanacaq.

 

Lent.az-ın əməkdaşı 20 il ərzində məcburi köçkünlərin istifadəsində olan bu yataqxanaların köçdən sonrakı vəziyyətini öyrənmək, həmin binaların gələcək taleyinə aydınlıq gətirmək məqsədilə həmin ərazidə olub. Bəri başdan deyək ki, elə yataqxanaların ərazisinə daxil olan kimi buralar tərk edilmiş yurdu xatırladır. İyirmi il ərzində doğma yurd-yuvasından didərgin salınmış insanlara qucaq açan, yüzlərlə ailənin isti və doğma evinə çevrilən bu darısqal mənzil-otaqlar indi sahibsiz və kimsəsizdir. Binaların həyəti köhnə və yararsız məişət əşyaları tullantıları, mebel qırıntıları ilə doludur. Xidmət və ticarət obyektləri sökülüb, söküntü qırıqları, yararsız tikinti materialları binanın hər tərəfinə səpələnib. Hazırda bu yataqxanaların çox az sayda otaqlarında yaşayış var ki, həmin ailələr də necə deyərlər, köç üstündədir.

 

Köhnə yurdda qalan var

 

Yataqxana otaqlarını boşaldıb Masazırdakı yeni mənzillərə köçmək istəyənlərlə söhbətdən məlum olur ki, burada təxminən 20-dək ailə qalıb. Hazırda həmin ailələrdən bir hissəsinin köçürülməsi davam edir. Ancaq bəzi ailələr onlara təklif olunan otaqların sayı ilə razılaşmayaraq yeni mənzillərə köçmək istəmir. Ağdam rayonundan olan Əli adlı məcburi köçkün deyir ki,  əslində 20 il ərzində bu yataqxanalarda faktiki yaşayan və qeydiyyatda olan ailələrin hamısına Masazırdakı yeni şəhərcikdə mənzil verilib. Ancaq 6 binadan ibarət yataqxana korpuslarının hər birində bir neçə ailə qalıb ki, onlar mənzillərin bölüşdürülməsi zamanı ədalətsizliklə üzləşdiyini iddia edirlər: “Çünki hamı mənzillərin bu cür bölüşdürülməsindən  razı deyil, müəyyən narazılıqlar var. Məsələn, biz özümüz ailədə 3 nəfərik – yoldaşım, özüm və oğlum. Anam isə bizimlə bir otaqda yaşasa da, ailə təsərrüfatımız ayrıdır. Bölgü qaydalarına görə, mənim öz ailəmə iki otaqlı, anama bir otaqlı mənzil düşməlidir.  Amma köçürmə komissiyası anamla bizi bir ailə təsərrüfatı kimi yazıb və bizim hamımıza iki otaqlı mənzil verib. Buna görə də köçmürük, nə vaxt anamla mənə ayrı-ayrılıqda mənzil versələr, onda da köçəcəyik”.

 

Həmsöhbətimiz belə şəraitdə yaşamaqda davam etməyin çətin olduğunu da deyir. Əlinin dediyinə görə, hələ avqustun ortalarından yataqxana kompleksində qaz təchizatı dayandırılıb, içməli su cəmi bir neçə saat müddətinə verilir. Üstəlik köçürmə komissiyası yeni şəhərcikdə mənzil alan, ancaq müxtəlif səbəblərdən köçmək istəməyən ailələrdən yataqxanadakı otaqları qısa müddətdə boşaltmağı tələb edir: “Hamı kimi, mən də istəyirəm ki, gedib yeni mənzilimdə yaşayım. Çünki köçürülmə başlanandan burada yaşamaq gündən-günə çətinləşir, qazı, işığı, suyu kəsirlər. Amma gərək mənim tələbimə baxsınlar, anamla mənə ayrı-ayrılıqda mənzil verilməsə, köçməyəcəyəm”.

 

Mehman Salmanov adlı məcburi köçkünün isə üzləşdiyi çətinlik bir qədər fərqlidir. O deyir ki, 2009-cu ilədək ailəli olan böyük qardaşı ilə yataqxanada birotaqlı evdə yaşayıb. Həmin il özü də ailə qurduğundan qardaşıgillə birotaqlı mənzildə yaşamağın mümkünsüz olduğunu görüb ayrılmaq qərarına gəliblər. Ancaq yataqxanada boş otaq olmadığından qardaşı kirayə mənzilə köçmək məcburiyyətində qalıb: “Qardaşım və ailəsi yataqxanadan qeydiyyatdan çıxmayıb. Mənzil bölgüsünə görə püşk atılanda bunu köçürmə komissiyasının üzvlərinə dedim. Onlar dedilər ki, mənzillər faktiki olaraq yataqxanada yaşayan ailə üzvlərinin sayına görə verilir. Yəni bizim öz ailəmizə ev verirlər, qardaşımgilə yox. Ona görə də hələ köçməmişəm, gözləyirəm ki, qardaşımgilə də verilsin, sonra köçək. İndi bizim məsələni komissiya araşdırır, onların həqiqətən də yataqxanada qeydiyyatda olduğu komendantdakı siyahıda da var. Komissiyanın rəhbərliyi deyib ki, problemli ailələrin məsələsinə baxılanda qardaşımgilin də problemi həllini tapacaq. Hələ ki, gözləyirik”.

 

Narazı ailələrin problemi həll edilib

 

Bununla belə, mənzil bölgüsündən narazı qalan ailələrin iddialarında haqlı olduğunu yataqxanalarda yaşayanların çoxu qəbul etmir. Elə  tələbə şəhərciyinin direktoru Kamal Quliyev də Masazırdakı yeni binalara köçmək istəməyənlərin çoxunun şikayətlərinin əsassız olduğu qənaətindədir. Direktor deyir ki, kimlərsə müxtəlif bəhanələrlə ona düşən mənzildə otaqların sayının çox olmasını tələb edir: “Ancaq bu iddiaların əksəriyyəti haqsızdır. Çünki hələ mənzil bölgüsündən bir neçə il əvvəl yataqxanalarda yaşayan ailələrin təkrar qeydiyyatı aparılıb, ailə üzvlərinin sayı dəqiqləşdirilib. Bu sənədlərin hamısı bir-bir yoxlanılıb – həm tələbə şəhərciyinin direktorluğundakı, həm Nəsimi Rayon İcra Hakimiyyətindəki, həm də Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindəki siyahılar tutuşdurulub. Mənzil bölgüsü də dəqiqləşdirilmiş siyahı üzrə aparılıb”.

Kamal Quliyev onu da əlavə edib ki, artıq müvafiq komissiyada mənzil bölgüsündən narazı qalan ailələrlə bağlı mübahisə doğuran məsələlər araşdırılıb və onların üzləşdiyi problemlər müvafiq qaydada həll edilib.

ADNA-nın 20 ildən artıq məcburi köçkünlərin istifadəsində olan tələbə şəhərciyinin bundan sonrakı taleyinə gəlincə, Kamal Quliyev deyib ki, bununla bağlı dəqiq məlumata malik deyil. Onun sözlərinə görə, hələlik yataqxana kompleksinin söküləcəyi, yaxud da əsaslı şəkildə təmir edilərək tələbələrin ixtiyarına veriləcəyinə dair  hər hansı qərar yoxdur: “Yataqxanadakı binaların birində yenə də tələbələr qalırdı, həmin binanın yalnız birinci mərtəbəsində məcburi köçkünlər məskunlaşmışdı. Ola bilər ki, digər binalar da təmir olunaraq yenidən Neft Akademiyasında təhsil alan tələbələrin ixtiyarına verilsin. Yaxud tələbə yataqxanasının tikintisi üçün başqa ərazilərdə torpaq sahəsinin ayrılması, bu binaların sökülməsi də mümkündür.  Hər halda, yəqin ki, bununla bağlı hansısa bir qərar veriləcək”.

 

Binaların suyu və işığı da kəsiləcək

 

Yeri gəlmişkən, indiyədək bu yataqxanaların yerində gah xarici qonaqlar üçün mehmanxana kompleksinin tikiləcəyi, gah həmin ərazinin hansısa tikinti şirkətinə veriləcəyi, gah da Ali Diplomatiya Akademiyası üçün yeni tələbə şəhərciyinin inşa ediləcəyinə dair söz-söhbətlər dolaşırdı. Məcburi köçkünlər isə deyirlər ki, bu yataqxanaların yaxın vaxtlarda söküləcəyinə dair onlara xəbərdarlıq edilib. Sentyabrın 1-də isə burada bütün növ kommunal xidmətlərin dayandırılacağı bildirilir.

 

Sentyabrın 1-dən ADNA-nın tələbə yataqxanasında içməli su, təbii qaz və elektrik enerjisi təchizatının dayandırılacağını Nəsimi Rayon İcra Hakimiyyətində də təsdiqləyirlər. İcra Hakimiyyətində bildirirlər ki, artıq boşaldılan yataqxana kompleksində kommunal xidmətlərdən pulsuz istifadə etmək mümkün olmayacaq. Belə ki, bu yataqxanalarda yaşayan məcburi köçkünlər Masazır qəsəbəsindəki yeni şəhərciyə köçürüldüyündən həmin ailələrə dövlət tərəfindən ayrılan kommunal xidmət haqları bundan sonra Nəsimi deyil, Abşeron rayonunun hesabına köçürüləcək. Bu səbəbdən sentyabrın 1-dən ADNA-nın tələbə şəhərciyində bütün növ kommunal xidmətlərdən ödəniş tələb olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1361

Oxşar yazılar