Tədbir Qarabağ Seyid Ocaqları və “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib
Qarabağ Seyid Ocaqları və “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə “Qarabağın işğaldan azad olunmasında İmam Hüseyn məktəbinin rolu” adlı tədbir keçirilib. Lent. az-ın məlumatına görə, tədbirdən öncə iştirakçılar Şəhidlər Xiyabanını ziyarət edib və şəhidlərin ruhuna dualar oxuyublar.
Daha sonra tədbirin açılışında “Qarabağa doğru- Haqqın və Haqqımızın səsi ilə” adlı layihəyə dəstək olaraq “Qazi Qarabağ” azanı səsləndirilib. Ardınca isə Kərbəla şəhidləri və Qarabağ uğrunda döyüşlərdə şəhid olanların ruhuna ayələr oxunub.
Tədbirdə çıxış edən Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, İmam Hüseyn məktəbinin ən layiqli davamçıları Qarabağ şəhidləridir. Onun sözlərinə görə, Əhli-Beyt məktəbinin aşiqlərinin Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasında müstəsna rolu var: “Çox təəssüflər olsun ki, ölkəmizdəki milli və dini tolerantlıqdan sui-istifadə edən “dindarlar ” var. Onların zərərsizləşdirilməsi istiqamətində dövlətin atdığı addımlar təqdirəlayiqdir. Həqiqi inanc sahibləri bu həssas məsələdə dövlətin yanında olmalıdırlar”.
Tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli bildirib ki, əsrlərdir İmam Hüseyn şəhadətinin fəlsəfəsini anlayan Azərbaycan xalqı bu şəhidlik məktəbindən dərs alıb. Onun sözlərinə görə, bunun bariz nümunəsini Qarabağın azadlığı uğrunda canını fəda edən vətənpərvər oğulların şücaətində görmək olar.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri Seyid Ahmed Arslan, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Orxan Əli, tarixçi alim Dilavər Əzimli, ilahiyyatçı Ağa Hacıbəyli bu kimi tədbirlərin Qarabağın işğaldan azad olunması yolunda gənclərə böyük mənəvi ruh verdiyini dilə gətiriblər.
Sonda Kərbəla və Qarabağ şəhidləri adına ehsan süfrəsi açılıb.