Mətbuat Şurasının təşəbbüsü ilə media nümayəndələrinin Salyan Rayon İcra Hakimiyyətində görüşü keçirilib. Bu barədə Lent.az-a Şuradan məlumat verilib.
Səfər çərçivəsində qonaqlar Heydər Əliyev mərkəzi, uşaq yaradıcılıq dərnəkləri, habelə Salyandakı bayraq meydanı, quruculuq və abadlıq işlərinin gedişi ilə tanış olublar. Görüş çərçivəsində Salyandan olan görkəmli ziyalıların - Əli bəy Hüseynzadənin və Xəlil Rza Ulutürkün abidələri ziyarət olunub. Şuranın media-məmur dialoqu layihə çərçivəsində baş tutmuş görüşünü Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov açaraq Azərbaycan dövlətinin mediaya diqqət və qayğıya əsaslanan siyasətinin yerlərdəki məmurlar tərəfindən də gerçəkləşdirilməsinin vacibliyini vurğulayıb.
MŞ sədri Əflatun Amaşov çıxışında media nümayəndələrinin prezident İlham Əliyevlə noyabrın 24-də keçirilmiş görüşü üzərində dayanıb. O bildirib ki, səmimi şəraitdə baş tutmuş toplantıda dövlət başçısı jurnalistikaya dair dəyərli baxışlarını, o cümlədən prioritetləri bir daha səsləndirdi.
MŞ İdarə Heyətinin üzvü, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib ki, rayonlardan KİV-lərə olunan şikayətlərin araşdırılması prosesində rəsmi mövqenin əldə olunması ilə bağlı problemlər mövcuddur.
MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu, MŞ İdarə Heyətinin üzvü, «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, MŞ İdarə Heyətinin üzvü, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev çıxış edərək fikirlərini bölüşüblər.