IV ixtisas qrupu üzrə 16 nəfərin nəticələri ləğv olunub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin normal qaydada imtahan vermələri üçün zəruri şərait yaradılıb. İlkin məlumatlara əsasən, müxtəlif binalarda 16 abituriyent müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən imtahanın gedişinə mane olma, köçürmə və buna şərait yaratdıqlarına görə imtahandan xaric edilib və nəticələri ləğv olunub.
Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emal prosesi aparılır. Nəticələrin iyulun 30-dək elan edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, IV qrup üzrə imtahanlar iyulun 28-də respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində keçirilib.