Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkə universitetlərində "Azərbaycan multikulturalizmi" fənninin tədrisi layihəsi çərçivəsində ötən gün İtaliyada, Romanın La Sapienza Universitetində ilk seminarı təşkil edilib. Lent.az-ın məlumatına görə, fənni La Sapienza universitetində tədris edən Bakı Slavyan Universitetinin Diplomatiya və xarici siyasət kafedrasının dosenti İrina Kunina ilk seminarı “Azərbaycan multikulturalizmi və xarici siyasət” mövzusuna həsr edib.
Seminarda La Sapienza iniversitetində “Beynəlxalq əməkdaşlıq və inkişaf” ixtisası üzrə təhsil alan müxtəlif ölkələrdən əlliyə yaxın tələbə iştirak edib. Maraqlı diskussiya aparılıb və tələbələrin multikulturalizm mövzusu, eləcə də Azərbaycanın xarici siyasəti barəsində çoxsaylı sualları cavablandırılıb.
Xatırladaq ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Azərbaycan multikulturalizmi” fənninin daha çox və nüfuzlu xarici ölkə universitetlərində tədrisinin təmin edilməsi istiqamətində fəaliyyətini daim genişləndirir. 2015-2016-cı dərs ilində artıq 11 nüfuzlu xarici ölkə universitetində “Azərbaycan Multikulturalizmi” fənni tədris edilir. Fənnin ötən ildən tədris edildiyi Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti, Gürcüstanın İvan Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Rusiya Federasiyasının Ural Federal Universitetinin Yekaterinburq filialı, Litva Pedaqoji Universiteti, Çexiya Respublikasının Praqa Karlov Universiteti , İtaliyanın Roma Sapienza Universiteti və Belarus Dövlət Universitetinə bu ilki tədris ilindən daha 4 xarici ölkə universiteti - Portuqaliyanın Lusofona Humanitar və Texnologiya Universiteti, Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universiteti, İsveçrənin Frayburq Universiteti və Türkiyənin Erciyez Universiteti də əlavə edilib.