İqtisad Universitetinin 85 yaşı qeyd edilib
24 dekabr 2015 17:05 (UTC +04:00)

İqtisad Universitetinin 85 yaşı qeyd edilib

 

Dekabrın 24-də İqtisad Universitetinin (ADİU) yaranmasının 85 illik yubileyinə həsr edilən tədbir keçirilib.

ADİU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbir iştirakçıları öncə universitetin tələbə və əməkdaşlarının əl işlərindən ibarət rəsm, karikatura və kitab sərgisi ilə tanış olublar.

Tədbirdə çıxış edən professor Ədalət Muradov bildirib ki, universitetin 85 illik şərəfli yolunda iqtisad elminə mühüm töhfələr verən və xidmətlər göstərən qocaman professorlarımızın böyük əməyi var və bu potensialın təkmilləşdirilməsi istiqamətində xeyli işlər görüldüyünü vurğulayıb. Rektor, həmçinin son iki ildə universitetdə əmək haqqının 3 mərhələdə artırılması və hazırda pedaqoji heyətin orta əməkhaqqı göstəricisinin ali təhsil müəssisələri arasında ən yüksək olduğunu söyləyib. Qeyd edib ki, əməkhaqqı artımı son hədd deyil, əməkdaşların maaşlarının da artırılması istiqamətində işlər gedir.

Universitetdə görülən işlərdən danışan rektor bildirib ki, ADİU müəllimlərinin ekspert qismində də fəaliyyət göstərməsinə təkan vermək üçün “ADİU ekspert” jurnalı təsis edilib. Növbəti ilin birinci rübündə jurnal işıq üzü görəcək.

Rektor əlavə edib ki, ADİU-nun 90 illik yubileyində “QS” reytinqində Top-1000 universitetlər sırasına yüksəlməyə çalışacağıq.

Təhsil naziri Mikayıl Cabbarov ali təhsilin inkişafına özünəməxsus töhvələr verən İqtisad Universitetinin ölkənin sosial-iqtisadi problemlərinin həlli sahəsində əhəmiyyətli rolu olduğunu bildirib. Nazir qeyd edib ki, Azərbaycan iqtisadiyyatına bilikli, kreativ düşüncəli və qoloballaşan dünyada biznes mühitini yaxşı bilən peşəkarları hazırlamaq üçün İqtisad Universitetinin gördüyü işlər təqdirəlayiqdir.

 

“İnanıram ki, 85 yaşlı İqtisad Universitetinin əsas amalı ali təhsilin beynəlxalq standartlara uyğunlaşmasıdır, deyən M.Cabbarov bildirib ki, bu gün ali təhsilin beynəlmiləlləşməsi qlobal prosesdir. Eyni zamanda, təhsildə elmi potensialın qorunub saxlanılması və eləcə də gənc elmi pedaqoji kadrların hazırlanması ön öndə duran məsələlərdən biridir: “Bu baxımdan İqtisad universitetində  həyata keçirilən “Gənc müəllimlər” layihəsi bizi çox sevindirir. 121 gənc müəllim işə qəbul edilib ki, onların da əksəriyyəti Avropa, ABŞ, Kanada kimi ölkələrin nüfuzlu universitetlərinin məzunlarıdır. Bu proses davam etdirilməli və digər ali təhsil müəssisələrini də əhatə etməlidir. İnanıram ki, xaricdə təhsil alan gənc mütəxəssislərin elmi pedaqoji fəaliyyətə cəlb edilməsi, təhsildəki problemlərin həllinə əsaslı surətdə kömək edəcək”.

M.Cabbarov çıxışının sonunda prezident İlham Əliyevin ad gününü təbrik etməyi unutmayıb.

Qeyd edək ki, İqtisad universitetinin 85 illik yubileyi münasibəti ilə təhsil naziri Mikayıl Cabbarovun əmri ilə universitetin bir qrup əməkdaşı “Qabaqcıl təhsil işçisi” döş nişanı və fəxri fərmanla təltif edilib.

Beynəlxalq Türk Akademiyasının rəhbəri, professor Darhan Kıdıralı da yubiley münasibəti ilə bütün professor-müəllim heyətini təbrik edib.Türk Dünyası İqtisadçılar Birliyinin əhəmiyyətindən söz açan D.Kıdıralı bildirib ki, türk dünyası iqtisadçıları arasındakı əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi bu ölkələrin gələcək iqtisadi inkişafına mühüm töhvələr verəcək. 

Tədbirdə çıxış edən Azərbaycan tarixi kafedrasının müdiri, professor Hidayət Cəfərov universitetin keçdiyi 85 illik tarixi yola nəzər salıb.

Sonra ADİU-da yeni yaradılan diskurs.az - virtual iqtisadi forumun təqdimatı keçirilib. Tədbirdə universitetin tarixini əks etdirən “ADİU-85 fakt” filmi nümayiş etdirilib. Yubiley tədbiri ADİU-nun Yaradıcılıq Mərkəzinin üzvlərinin ifası ilə davam edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 281
avatar

Fərizə Əhmədova

Oxşar yazılar