Ədalət Muradov: "Daxili bazar idxal mallarından qorunmalıdır"
22 dekabr 2015 17:36 (UTC +04:00)

Ədalət Muradov: "Daxili bazar idxal mallarından qorunmalıdır"

Bu gün İqtisad Universitetində (UNEC) “Siyasi iqtisad: müasir problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

ADİU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbir “Siyasi iqtisad” elminin yaranmasının 400 illiyinə həsr olunub.

Rusiyanın və Azərbaycanın görkəmli iqtisadçı alimlərinin iştirak etdiyi konfransda ADİU-nun rektoru Ədalət Muradov bildirib ki, bu tip beynəlxalq konfranslara ev sahibliyi etməsi universitetin tədqiqat yönümlü universitet olması istiqamətində həyata keçirdiyi addımlardan biridir. Mövcud kadr potensialı onu deməyə əsas verir ki, İqtisad Universiteti tədris müəssisəsi olmaqla yanaşı, həm də tədqiqat universitetinə çevrilmək iddiasında olan ali təhsil ocağıdır.

Siyasi iqtisad elminin yaranma tarixindən danışan rektor qeyd edib ki, qlobal iqtisadiyyatdakı mövcud problemlər siyasi iqtisada marağı daha da artırıb.

Ə. Muradov ölkədə manatın devalvasiyasına da münasibətini bildirib və qeyd edib ki, neqativ təsirlərin minimuma endirilməsi üçün daxili bazarın idxal mallarından qorunması təklif edilir: "Biz iqtisadçılar da Azərbaycanın gələcəyinin daha da parlaq olması istiqamətində səylərimizi əsirgəməyəcəyik. Hesab edirəm ki, bugünkü konfrans iqtisadiyyat elminin inkişafına öz töhfəsini verəcək və bizim siyasi iqtisad sahəsində postsovet məkanında tanınmış alimlərlə əməkdaşlığımızı daha da genişləndirəcək".

Sonra Moskva Beynəlxalq Universitetin professoru Georgi Nikolayeviç Tsaqolov və Q.V.Plexanov adına Rusiya Dövlət Universitetinin İqtisadi Nəzəriyyə elmi məktəbinin rəhbəri, professor Qalina Petrovna Juravlyovaya UNEC-in “Fəxri doktor” diplomları təqdim edilib.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Siyasi iqtisad” kafedrasının professoru, Beynəlxalq siyasi iqtisad assosiasiyasının koordinatoru Aleksandr Vladimiroviç Buzqalin “Siyasi iqtisad: qlobal kapitalizmin tədqiqat potensialı” mövzusunda məruzə ilə çıxış edib. Alim bildirib ki, iqtisadi problemlərin aradan qaldırılması üçün onları yaradan səbəblərin analiz edilməsi vacibdir. Bu prosesləri tədqiq edən bir sıra beynəlxalq assosiasiyalar fəaliyyət göstərir. Qloballaşmaya inkişaf etməkdə olan ölkələrdə mənfi münasibət bəslənildiyini vurğulayan görkəmli iqtisadçı qeyd edib ki, inkişaf etmiş sənaye ölkələrinin elmi və ictimai dairələrində bu proseslər adətən, pozitiv baxımdan dəyərləndirilir. Lakin son vaxtlar bu proseslərə tənqidi mövqedən yanaşanların da sayı artmaqdadır.

Bundan başqa, beynəlxalq konfransda Moskva Beynəlxalq Universitetin professoru Georgi Tsaqolov “Yeddinci formasiya” mövzusunda, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov isə “Milli sərvət, maddi istehsal, dəyər və iqtisadi inkişaf strategiyaları” mövzusunda məruzə ilə çıxış edib.

Konfrans panel və seksiyalarda “Klassik siyasi iqtisad: inkişaf perspektivləri və tədrisi”, eyni zamanda “Müasir Azərbaycanın iqtisadi sistemi: inkişaf yolları və məqsədləri” mövzularının müzakirəsi ilə davam edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 166
avatar

Oxşar yazılar