Son vaxtlar evdən qaçan qız-gəlinləri görəndə və ya bir intihar hadisəsini eşidəndə ilk andaca gözümüzün önünə hadisənin fiziki tərəfləri gəlir: niyə oldu, niyə baş verdi? Və əsas səbəb də ata-ananın, ərin, qohum-əqrəbanın üstünə atılır, bir neçə gün informasiya məkanlarında dildən-dilə düşür, sonra da itib gedir. Baş verənlərə dərindən səbəb axtarılmır, hadisələrin psixoloji tərəfləri təhlil edilmir. Ayrı-ayrı psixoloqlar televiziya kanallarında belə hadisələrə 5-6 dəqiqə vaxt ayırırlar. Bununla da iş bitir.
Elə mətbuatda da artıq kütləviləşən və sosiallaşan bu cür hadisələrə həsr olunmuş geniş psixoloq araşdırmasına rast gəlmədim. Əsas tədqiqat obyekti, səbəb və nəticələr öyrənilmir, sadəcə –malı,-məli və -ası, əsi şəkilçilərinin köməyi ilə işlər sona çatır. Yəni olmalıdır, baxılmalıdır, ediləsidir və baxılasıdır və sair. Cinayət işi yekunlaşa bilər, amma psixoloq işi heç vaxt yekunlaşmır, o, daim insan həyatı ilə yanaşı addımlayır.
Bəzən ağsaqqallarımızın, ağbirçək nənələrimizin gəlinlərin qaçmalarına – “nahaq ediblər, səhv ediblər”, “biz həmişə can deyib, can eşitmişik” demələri ilə fon və son vermək olmaz.
Müxtəlif cür insan xarakterləri, temperamentləri var. Adət-ənənələrimiz deyib gəncləri müasir cəmiyyət insanına cevirmək bəzən olmur, bunun üçün adət-ənənənin effekt verib verməyəcəyini psixoloq, ən azı həyatı dərk edən bir insan kimi düşünmək lazım gəlir.
İndi televiziyalarda gedən seriallar, sevgi-məhəbbət dastanları artıq gənclərimizi baba-nənə qırmancından, öyüd-nəsihətlərindən bir az uzaqlaşdırır. Yaşlı nəsil, deyək ki, nənə-baba gəlinə deyər ki, qayınata, qayınananın qulluğunda yaxşı dur, hörmətin gətir. Baldız və qayınlarını hörmətini saxla. Bunlar hamısı əla. Amma onlar heç vaxt demirlər ki, sevdiyinə get. Hamısı deyir ki, biz sonra sevdik və yaxud ərimizin üzünü toy gecəsi gördük və sair. Bu cür adət-ənənə ilə xosbəxt olmaq bəzən baş tutmur. Həm oğlan tərəfdən, həm qız tərəfdən - “yalnız sevdiyinə get, sevdiyini al” deyən çox azdır. Nəticədə adət-ənənə, el tənəsi köməyə gəlmir. Ağır, sevgisiz ailə şəraitindən, həyatından bezən bir insan bir gün azad yaşamaq istəyir və başını götürüb qaçır. Biz azadlıq haqqında ağız dolusu danışırıq, ona şeir qoşur, amma övladlarımıza bəzən sevgi, seçim azadlığı verə bimirik.
Hərbi hissələrimizdə, orta məktəb və universitetlərimizdə, ailələrimizdə, bir sözlə, cəmiyyətin bütün sahələrində ixtsaslaşmış psixoloq yardımına böyük ehtiyac var.
Bir sözlə, həyatımızda sevgi çatmır. Bəzən gənc ailələr bir-birini başa düşmürlər. Evdə-dava dalaş salırlar. Ata-ana danlağı: nəyiniz kəmdi? Amma gənc qadın duyğularının əsiridir. Bədii filmlərdə, oxuduğu kitablarda qazandığı hiss və duyğularını bir evin altında cürütməkdədir. Əri səhər gedir, axşam gəlir. O da öz romantikasını hər axşam kafedə dostları ilə içdiyi araqla öldürür. Qadının ürək açan cehizi yox. Ərinin gətirəcəyi çiçəyi –gülü yox. Uşağının bağçası, rəqsi yox. Ərinin ona deyəcəyi xoş sözü yox. Bəs bu qadın neyləsin? Bahalı mebel salonlarının, şadlıq saraylarının, bahalı geyim dükanlarının reklamları və onunla oxuyan, hər gün dərslərindən iki alan qonşusu xanımın gündə bir bahalı maşın , bir ev dəyişməsi bu gözəl qadını öldürməsin neyləsin? Kimsə iradəli olub özünü bu cür yeknəsək həyata zorlaya bilər. “Eldən, obadan ayıbdır” deyər və yerindəcə beləcə qocalıb qarıya bilər. Amma bu, həyat deyil axı. Hər adam bunu bacarmır. Evdən qaçır. Qaçdığı adamı da düz seçə bilmir. Neyləsin, birçə an azad yaşamaq istəyir. Biz kinoları belə çəkməmişdik, şeirləri belə yazmamışdıq. Çünki hamısının sonunda sevgi vardı.
Burda isə sevginin heç adı belə yoxdur.