Orta məktəbdə ingilis dili müəllimim olmayıb. Kəndimiz rayon mərkəzindən çox uzaq olduğundan, müəllimlər ora ayaq basmırdılar. Bəzən elə olub ki, məktəbə komissiya gəlməsin deyə, Azərbaycan dili və ədəbiyyatı müəllimlərimiz rayon tərəfdəki arxın taxta körpüsünü təpəsi üstə qoyublar ki, bu gün axşama kimi biz tərəfə keçən olmasın. Sonra gəlib arxayınca uşaqlara futbol oynadıblar. Biz də qalmışıq ingilis dili sarıdan yetim. Öz kəndimizin cavanları da o vaxt “xod” gedən aqronomluğu və zootexnikliyi oxuyurdular. Ona görə də gözümüz yolda, könlümüz intizarda qalırdı. Biz ingilis dili müəlliminin uzaqdan gəlməyini gözləyirdik. Özü də bu ixtisasın sahibi gözəl qız olmalıydı, məktəbin yaxınlığında kirayə qalmalıydı. Şübhəsiz ki, ondan kirayə pulu almayacaqdıq. Onu da kəndimizdən bir oğlan almalıydı, onun da qızları olmalıydı, biz də o qızları sevməliydik. Beləliklə, ingilis dili ilə qaynayıb qarışmalıydıq.
Biz şagirdlər o vaxt haradansa ingilis dilində “I love you” kəlməsini kağıza yazıb cibimizə qoymuşduq. Hərdənbir üzünü köçürdüb qızlara verərdik və yaxud tənəffüs zamanı xəlvət onların çantalarına qoyurduq. Qızlar da həmin məktubu bir-birlərinə oxutdurub qızarırdılar. Biz də gedib kənardan onların təbəssümünü güdürdük. Sonra öyrəndik ki, qızların da belə bir kağızı varmış. Kəndimizin ingilis dilinə bağlayan 3 məqam vardı. Biri “mən səni sevirəm” idi, ikincisi də hər gələn katibə yaltaqlandığından Murtuz kişiyə “ingilis bayrağı” deyirdilər. Üçüncüsü də kəndin pensiyasını paylayan Rəcəb dayı toyda içəndə deyirdi: “Pul bir məndədir, bir də ingilisdə”. Bu, o vaxtlar idi ki, makinada adımı yazdırıb qoymuşdum cibimə. Adımın makinada yazılmağına sevinirdim.
Mənim attestatımda “ingilis dili” fənninin qabağına taxta körpümüz kimi uzun bir minus işarəsi qoyulub, yəni keçilməyib. İnstituta imtahan verəndə ingilis dilini keçmədiyimizə görə, mexaniki olaraq mənə havayı bir “3” yazdılar.
Ona görə də hər yerdə, hər zaman bu “3”ün əzabını çəkmişəm. Xarici ölkələrdə, neçə dəfələrlə, türklər demiş, təyyarəni qaçırmışam.
Axı mənim günahım nə idi? Biz kimə və nəyə qurban getdik. Vaxtı ilə kəndimizin rayon mərkəzindən çox uzaq bir yerdə salınmasına qərar vermiş babalarımızın qoyun-quzunu rahat saxlamaq istəyinəmi? Və yaxud kəndimizə asfalt çəkilməyə ayrılan pulları yeyən sədrlərin eys-işrətinəmi? Kəndimizə gələn ingilis dili müəllimlərini palçıqla qorxudan və rüşvət istəyən rayon təhsil şöbəsini yekə qarın müdirlərinəmi?
İngilis dilindən mənə verilən “3”, icbari iş kimi 30 ildir ki, boynumdadır. Elə bil boynumda 30 ton yük var. Mən bu yükü hara qaldırıb çırpım bilmirəm.
2007-ci ildə Amsterdamda məni qarşılayan hollandiyalı bir qızla insan dilində danışmağımız heç vaxt yadımdan çıxmır. Mənə verilən o “3”ün məşəqqətini dəhşətli dərəcədə çəkdim. Kəndimizin o vaxt ingilis dili müəllimi olmayan məktəbini xatırladım, babalarımızı xatırladım, taxta körpünü xatırladım.
Hollandiyalı qız Janita Monna amerikalı modern şair Artur Size ilə ingilis dilində elə sürətlə danışırdı ki, yadıma o vaxtlar qızlara yazıb verdiyim “I love you” sözləri düşürdü. Bu danışıqda bu sözlərə oxşayan bir kəlmə də yox idi. Darıxdığımdan “Atlanta” otelinin kandarından çıxıb əllərimi yağış damcılarının altına tutdum. Damcılar ovcumdan daşmağa başlayırdı. Birdən Janita Monna bunu gördü. O da əllərini gətirib mənim əllərimin altına tutdu. Artur Size də əllərinin onun əllərinin altına tutdu. Ovuclarımızdan su daşırdı. Sanki Janita Monna deyirdi, gəl səninlə belə danışaq. İnsan dilində.
Mən ingilis dili olmayan məktəbimizi düşünürdüm. Yaxşı ki, insanlığın ilk dilini unutmamışıq.