İkinci diplom və ikinci arvad
10 noyabr 2015 11:15 (UTC +04:00)

İkinci diplom və ikinci arvad

 

Çox araşdırmalar apardım, dərin-dərin dəryalara baş vurdum, gördüm indiyə kimi qaz vurub qazan dolduranların yolunda yaşıl işığı həmişə ikinci diplom yandırıb. İkinci diplom qədər insana çörək ağacı olan heç bir layiqli sənəd yoxdur və heç şübhəsiz olmayacaq da.

Kim nə deyir desin, birinci diplom gənc  vaxtı, ağlının hələ tam bərkiməmiş vaxtında, ata-ananın məsləhəti ilə kənddən aldığın, bir az səndən yaşda böyük və ya  səninlə yaşıd, kök, gombul arvad kimidir. İkinci diplom isə ağlının püxtələşmiş zamanında  aldığın ikinci arvada bənzəyir. Üçüncü diplom isə ikinci diplomun hesabına pullaşdığın, biznesinin kəllə-çarxa çıxdığı bir məqamda saxladığın oynaşdır. Oynaşın hər iki arvaddan şirin olduğunu hamı bilir, bilməyənlər də mənim bu yazımdan sonra bilərlər.

 

O zaman ən “xod” gedən institutlardan biri  və bəlkə də, birincisi Kənd Təsərrüfatı İnstitutu idi və onun tələbələrinin sayı-hesabı yox idi. Yüz faiz əminəm ki, həmin  institutu  bitirənlərin əksəriyyətinin  indi ikinci diplomu var və  bu diplom da yüz faiz  hüquq sahəsi üzrə olan diplomlardır. İndi həmin adamlar birinci diplomu hərbi bilet və arvadının kəbin kağızı ilə üst-üstə qoyub cehizlik sandığın bir küncündə gizlədiblər.

İndi onlar ikinci hüquq diplomları ilə  əməlli bərk gedən yerlərdə işləyir və dişləyirlər. İş və diş məsələsi sanki ikinci diplomun baş tərəfinə yazılmış ixtisas  sözünün nisbi sinonimidi, yəni  bilməyənlər üçün ərz eləyim ki, nisbi sinonim atadan bir anadan ayrı olan uşaqlara deyirlər.

 

İş və diş məsələsi,  lap dəqiq desək, daha doğrusu,  bir az da dərinə getsək, ikinci  diplomların əsas ixtisasıdır vəssalam.

Məsələn kəndimizdə bədən tərbiyəsi müəllimi işləyən sinif yoldaşım iş və diş məsələsini nəzərə aldı, gedib diş doxturluğuna adını yazdırdı. Ayda  7 gün dərsə getdi, onun  iki günü altı bazara, biri qurban bayramına,  o biri ayların biri bütöv orucluq ayına, biri məhərrəmliyə düşdü . Getdiyi günlərdə də bir-iki saat oturdu dərsdə, indi kəndimizdə prokuror oturan kreslolara oxşayan  yekə bir kreslosu var, adamları oturdur orda, bir dəqiqədən bir adamların ağzından  pul  çıxardır.

Kəndimizdə nə qədər diş var, gəlib hamısı  onun əlindən keçir və bir sözlə, kəndimizin  bütün adamlarının dişi onun mülkiyyətidir. O gün hesabladım, kəndimizin 2800 sakini var, 2800-ü vur  32 dişə, 32 disi də vur 5 manata, gör hara gedib çıxır. Hələ uzaqdan gəlib gedəni demirəm, hələ protez diş düzəltdirəni də nəzərə almıram. Kişi indi bəy kefində yaşayır. Arada-bərədə adamlara qarın ağrı dərmanı da yazır. Kənddəki  mal –qara, qoyun-quzu  və toyuq-cücəyə  yaz-payız aylarında vaksinlərin  vurulması da onun boynunadır.

 

Bir köpək oğlu gedib kənarda nə diş düzəltdirə bilər, nə də kənardan həkim gətirə bilər. Hamısı bəy oğlu Bəybalanındır.

 

Bir orta məktəb yoldaşım da vardı, o da gedib rus dili müəllimliyini oxuyub gəldi kəndə, gördü ki, bu dillə bir adamı qandıra bilməyəcək, ona görə gedib Ukraynadan bir hüquqi diplomu aldı, indi hüquqi dillə adamları çox  yaxşı başa sala bilir.

 

Aqronom, zootexnik diplomu olanların çoxu ikinci diplomla bu saat əməlli-başlı vəzifə sahibləridir. Ən aşağı vəzifəsi katibə ilə bir otaqda əyləşən notariuslardır, sən öl. Bu saat müəllimlərin əksəriyyəti  texniki, iqtisadiyyat, memarlıq,  hüquq universitetlərinin  diplomlarını almaqdan ötrü adlarını lazımı yerlərə yazdırıblar.

Hələ müəllimləri təkmilləşdirmə institutunda  ixtisasdəyişmə kursu var. Burda əsasən uyğun gələn ixtisasları dəyişirlər. Bu ayrı məsələ.

 

Dəyişin diplomlarınızı, o diplomları ki, biz 5 il ərzində gecə-gündüz oxuyub dizlərimiz titrəyə-titrəyə imtahan verib almışdıq.

İkinci diplomlar bizim ilk diplomlarımızı kəbin kağızımız və hərbi biletimizlə birlikdə üstünə “a bəy toyun mübarək”  yazılmış  cehizlik sandıqlarda gizlətdi.

Demək, bizim ilk arzularımız səhv imiş...

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 356

Oxşar yazılar