Hərbi akademiya ilə AMEA və ADA arasında anlaşmalar imzalanıb
29 aprel 2016 19:46 (UTC +04:00)

Hərbi akademiya ilə AMEA və ADA arasında anlaşmalar imzalanıb

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında elmi-texniki və təhsil sahələrində əməkdaşlığa dair memorandum imzalanıb.

Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, memorandumu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə imzalayıblar.

Tərəflər ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na əsaslanaraq hərb elminin inkişaf etdirilməsi, müvafiq peşə və ixtisaslar üzrə optimal təhsil sisteminin mərhələli tənzimlənməsi üzrə hüquqi bazanın yaradılması barədə razılığa gəliblər.

Memorandumda Azərbaycan Respublikasının müdafiə qüdrətinin artırılması və onun müasir təhdid və təhlükələrə cavab verə biləcək hərbi potensiala malik olması istiqamətində birgə elmi-tədqiqat işlərinin aparılması, hərbi təhsil sistemində qabaqcıl elmi nailiyyətlərin tətbiq edilməsi, birgə beynəlxalq və regional elmi konfransların keçirilməsi, eləcə də müdafiə texnologiyaları sahəsində müştərək fəaliyyət göstərilməsi nəzərdə tutulur.

İmzalanma mərasimindən sonra qonaqlara Azərbaycan Milli Elmlər Akademiyasında əldə edilmiş ən son elmi nailiyyətlər barədə ətraflı məlumat verilib.

 

Akademiyası daha bir anlaşmanı ADA Universiteti ilə imzalayıb. Belə ki, iki təhsil müəssisəsi arasında elm və tədris sahələrində qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanıb.

Sazişi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev və ADA Universitetinin rektoru cənab Hafiz Paşayev imzalayıblar.

Sazişdə tərəflər arasında elmi tədqiqatlar və tədris sahələrində əməkdaşlığın aparılması, o cümlədən birgə layihə və proqramların həyata keçirilməsi, kadrların elmi-pedaqoji səviyyəsinin yüksəldilməsi, hər iki təhsil müəssisəsinin maddi-texniki bazasından qarşılıqlı istifadə edilməsi, eləcə də təhlükəsizlik mühitində mövcud təhdid və təhlükələrin qiymətləndirilməsi və onların dəf edilməsi üzrə müştərək fəaliyyət göstərilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 228
avatar

Oxşar yazılar