Həbsxanadan çıxanlar üçün Sosial Adaptasiya Mərkəzi inşa edilir
27 aprel 2016 14:45 (UTC +04:00)

Həbsxanadan çıxanlar üçün Sosial Adaptasiya Mərkəzi inşa edilir

 

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 1758 nəfəri birdəfəlik müavinətlə təmin edib.

 

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onların hər birinə minimum əmək haqqının 4 misli qədər, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti ödənilib.

 

Məşğulluq haqqında qanunvericilikdə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyalarına aid ediliblər və müəssisələrdə kvota üzrə ayrılmış iş yerlərində onların məşğulluğunun təmin olunması diqqət mərkəzində saxlanılır.

 

Bununla yanaşı, cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad ediləcək şəxslərin gələcəkdə əmək bazarına çıxış imkanlarına malik olmaları məqsədi ilə keçən il və cari ilin ötən dövründə 184 nəfər belə vətəndaş üçün əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kursları təşkil edilib.

 

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qobustan rayonunda Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi də inşa edilir. İnşa edilən bu mərkəz qeyd olunan şəxslərin sosial adaptasiya tədbirlərinə cəlb olunması, müvafiq hallarda onların hüquqlarının, qanuni mənafelərinin qorunması, onlara yardım göstərilməsi və s. istiqamətlərdə fəaliyyət göstərəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 272
avatar

Oxşar yazılar