Bakıda ATƏT-in Bakı Ofisi və Avropa Şurasının təşkilatçılığı və Azərbaycan Hüquqşünasları Konfederasiyası ilə əməkdaşlıq çərçivəsində “Tutulma və həbsə dair beynəlxalq standartlar, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanununun tətbiqi və pis rəftara qarşı mübarizə” mövzusunda təlimçilər üçün təlimin ikinci hissəsi başlayıb. Lent.az-ın məlumatına görə, tədbirdə giriş nitqi ilə Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) sədri, millət vəkili Əli Hüseynli, ATƏT-in Bakı Ofisinin Qanunun Aliliyi və İnsan Hüquqları şöbəsinin rəhbəri Covanni Qalzinyato və Avropa Şurasının İnsan Hüquqları Siyasəti və İnkişaf Departamentinin layihə meneceri Mahir Müşteidzadə çıxış edib.
Daha sonra təlimə start verilib. Təlimin təlimçiləri beynəlxalq eksperlər Vitaliy Kasko, Trevor Service və başqalarıdır.
Təlimdə Daxili İşlər, Ədliyyə nazirliklərinin, Polis, Ədliyyə akademiyalarının, Penitensiar Xidmətin Təlim Mərkəzinin, Baş Prokurorluğun, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin, Ombudsman Aparatının və digər qurumların nümayəndələri, həmçinin hüquqşünaslar, müstəqil ekspertlər iştirak edir.
Təlim 3 gün davam edəcək və iyunun 29-da başa çatacaq.
Qeyd edək ki, ilk təlim bu il 28 fevral-1 mart tarixlərində keçirilib.