2013 -2014-cü tədris ilində ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb. Bu barədə Lent. az-a Təhsil Nazirliyindən məlumat verilib.
Bu il müəllimlərin işə qəbulu üzrə 3286 vakant yer müəyyənləşdirilib. Onlardan 2999-u Azərbaycan bölməsi, 187-si isə rus bölməsi üzrə olub. Azərbaycan bölməsi üzrə ən çox vakant yer biologiya, kimya, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, fizika, tarix, ingilis dili və informatika fənlərini, rus bölməsi üzrə isə ən çox vakant yer ibtidai sinif müəllimi ixtisasını əhatə edib.
Vakant yerlərə 18782 nəfər elektron ərizə versə də, imtahanlarda 15030 nəfər iştirak edib.
Bu il ərizəçilər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili və riyaziyyat ixtisaslarını seçənlərin sayı daha çox olub. Belə ki, Bakıda yerləşən bəzi məktəblər üzrə bir ibtidai sinif müəllimi yerinə 1000-dən artıq müraciət qeydə alınıb.
İmtahanların nəticəsinə görə 1543 nəfər Azərbaycan bölməsi, 54 nəfər isə rus bölməsi üzrə olmaqla, ümumilikdə 1597 nəfər müsahibə mərhələsinə buraxılıb. Müsahibənin nəticələrinə əsasən 1245 müəllim işə qəbul edilib.
Müəllimlərin işə qəbulu üzrə imtahanların və müsahibənin nəticələrinə görə boş qalan vakant yerlərə aparılmış əlavə yerləşdirmədə iştirak etmiş 2443 nəfərdən 400-ü müsahibəyə buraxılmış və onların 229 nəfəri işə qəbul edilib. Beləliklə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun nəticələrinə görə, ümumilikdə 1474 nəfər işə qəbul olunub.