Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoginin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Lent.az-a DGK-dən məlumat verilib.
A. Əliyev BVF ilə DGK arasındakı mövcud əlaqələr, əməkdaşlığın gələcək perspektivlərindən danışıb. A. Əliyev Azərbaycan gömrük sisteminin beynəlxalq standartlara cavab verən təkmil bir struktura çevrildiyini diqqətə çatdırıb. Gömrük sistemində sürətli inkişaf strategiyasına start verildiyini vurğulayan Komitə sədri istər qanunvericilik bazasının möhkəmləndirilməsində, istərsə də iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının rolundan danışıb, xüsusilə büdcə gəlirlərinin formalaşması, maddi-texniki bazanın möhkəmləndirilməsi, informasiya texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.
DGK sədri ölkənin əsas giriş qapılarında gömrük keçid məntəqələrinin dünya standartlarına uyğun yenidən qurulduğunu, mal və nəqliyyat vasitələrinin artıq avtomatlaşdırılmış qaydada gömrük nəzarətindən keçdiyini, bunun da ticarətin asanlaşdırılması və təhlükəsizliyi işinə müsbət təsirini konkret faktlarla nəzərə çatdırıb.
Görüşdə həmçinin, gömrük daxilolmalarının həcmində son təmayüllər, tətbiq olunan imtiyazlar, 2014-2015-ci illər üzrə müvafiq proqnoz göstəriciləri və hesablamalar, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvolma prosesində mövcud vəziyyət müzakirə edilib, qarşılıqlı maraq doğuran bəzi məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.