Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov zəlzələ bölgəsinə səfəri çərçivəsində Balakəndə yerli sakinlərlə görüşüb.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Balakənin Hənifə kəndində keçirilən görüşdə ətraf kəndlərin sakinləri də iştirak ediblər.
Sakinlər zəlzələ nəticəsində evlərinə dəymiş ziyanın yenidən qiymətləndirilməsi üçün evlərə təkrar baxış keçirilməsini xahiş ediblər.
K. Heydərov sakinləri dinlədikdən sonra evlərə təkrar baxış keçiriləcəyini, komissiyaların baxışın nəticəsinə uyğun qərar verəcəyini bildirib: “Komissiyalar evlərə yenidən baxış keçirəcək. Qəzalı evlərdən hansının yenidən tikilməli olduğuna dair rəy verilsə, həmin evlər yenidən tikiləcək. Təmir-bərpa olunmalı evlərin sakinlərinə isə dövlət tərəfindən kompensasiyalar ödəniləcək”.
Qeyd edək ki, K. Heydərov bu gün zəlzələ bölgəsinə səfər edib. Nazir Zaqatalanın Gözbarax və Çobankol kəndlərində yerli sakinlərlə görüşüb, yerli sakinlər tərəfindən səslənən bəzi məsələlərin araşdırılması üçün lazımi tapşırıqlar verib.