Bu gün Azərbaycan Silahlı Qüvvələri Günüdür. Azərbaycan ordusunun yüksək döyüş qabiliyyətinə malik olduğunu Lent. az-a bildirən Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli torpaqlarımızın azad ediləcəyi günün uzaq olmadığını söyləyir...
- Sevindirici haldır ki, ordumuzun yaradılmasının 95 illiyi Azərbaycanda bayram əhval-ruhiyyəsi ilə qeyd olunur. Bu gün hərbi parad keçirilir və bu, digər hərbi paradlardan fərqlənir. İqtisadiyyatımız, dövlətimiz gücəndikcə, orduya ayrılan büdcə də ildən-ilə artır və orduya Türkiyədən, İsraildən, Rusiyadan, Ukraynadan və digər ölkələrdən müasir texnika alınır. Quru qoşunları üçün alınan “T-90” tankları, “BMP-3” zirehli texnikaları yüksək döyüş qabiliyyətinə malikdir. Ordumuzda müasir rabitə və kəşfiyyat sistemləri, pilotsuz təyyarələr var. Müdafiə Sənayesi Nazirliyi də müasir texnikalar istehsal edir. Artıq Pakistan Azərbaycan istehsalı olan bir çox silahları qəbul edib. Gələn il də Azərbaycanda beynəlxalq hərbi sərgi keçirilməsi gözlənilir ki, bu da çox təqdirəlayiq haldır.
Hərbi paradda ordumuzun müasir silahları nümayiş etdirilir. Hərbi paradda 5 mindən çox şəxsi heyət, 400-dən artıq hərbi texnika, 100-dən artıq təyyarə və vertolyot iştirak edir, hərbi gəmilərimiz nümayiş olunur. Çox müasir hərbi donanmamız var, eyni zamanda kadr potensialının genişləndirilməsinə xüsusi diqqət yetirilir. Sevindirici haldır ki, iyunun 24-də Ali Baş Komandan, prezident İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ikinci müalicə korpusunun açılışı olub. Azərbaycanda hərbi tibb sahəsinə, hərbi həkimlərin hazırlanmasına də xüsusi diqqət yetirilir. Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyası ilə əməkdaşlıq edilir, ABŞ, Almaniya, Yaponiya kimi inkişaf etmiş ölkələrdən ən müasir tibbi cihazlar alınır. Əsas məsələ hərbçilərin mənəvi-psixoloji hazırlığının, sağlamlığının yüksək olmasıdır.
- Hərbçilərin sosial-iqtisadi durumunun yaxşılaşdırılması istiqamətində hansı addımlar atılır?
- Hər bölgədə hərbi şəhərciklər tikilir. 20 ildən artıq qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər hədiyyə edilir, 2011-ci il dekabrın 28-də prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb. Hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması həmişə diqqət mərkəzindədir. Kirayə pulu, ərzaq kompensasiyası iki dəfə artırılıb. Prezidentin sərəncamı ilə bu günlərdə hərbi qulluqçuların əməkhaqları 10 faiz artırılıb. Hər il sosial vəziyyətinin yaxşılaşdırılması üçün sistemli və ardıcıl işlər aparılır. Bu işlər Azərbaycan Silahlı Qüvvələrində yüksək əhval-ruhiyyə yaradır.
Bütün bölgələrdə həm kazarmalar, həm əsgərlərin yeməkxanası, həm yaşayış yeri, həm istirahət yeri, həm də tibb məntəqələrində vəziyyət yaxşılaşdırılır. Biz bu yaxınlarda Qusarda çox müasir hərbi kompleksin yaranmasının şahidi olduq. Hərbi şəhərcik çox gözəl idi, orada hərbçilərin ailələri üçün evlər də tikilmişdi. Hərbçilik üçün idman zallarına qədər hər cür şərait yaradılıb. Müasir dünya ordularında hansı şərait varsa, bu gün Azərbaycan ordusu üçün yaradılır. Hərbi hissələrdə quruculuq işləri gedir, müasir hərbi hospitallar, kazarmalar tikilir. Bütün bunlar sevindirici haldır.
- Hərbçilərimizin mənəvi-psixoloji durumu necədir?
- Hərbçilərimizin mənəvi-psixoloji durumu, əhval-ruhiyyəsi çox yüksək səviyyədədir. Biz iyunun 17-də Qusarda, iyunun 18-də Ağdamda, Bərdədə və Ağcabədidəki hərbi hissələrdə olduq. İctimaiyyətlə hərbi hissələrin əlaqələri yüksək səviyyədədir. Millət vəkilləri, QHT nümayəndələri, baş redaktorlar, gənclər təşkilatlarının nümayəndələri, ayrı-ayrı icra hakimiyyətlərinin nümayəndələri tez-tez hərbi hissələrdə olurlar. Bu, çox vacibdir. Bu ənənənin əsasını prezident qoyub. Ali Baş Komandan tez-tez hərbi hissələrdə, cəbhə bölgələrində, təmas xəttində olur. Azərbaycan Silahlı Qüvvələri müasir standartlara keçib, 1993-cü ildən ordu quruculuğu elmi əsaslarla aparılır, hər il hərbi büdcəsi aparılır. Azərbaycanın hərbi büdcəsi bütövlükdə Ermənistanın hərbi büdcəsindən iki dəfə çoxdur. Azərbaycan Silahlı Qüvvələrində mənəvi-psixoloji hazırlıq yüksək səviyyədədir. Hərbçilərin döyüş ruhunun yüksək səviyyədə olduğunu görürük.
Bu il xüsusi sevindirici bir hal da odur ki, Heydər Əliyev Mərkəzi yaranmasının 1 ili tamam olmamış böyük bir tədbir keçirdi. Heydər Əliyev Mərkəzi 1 illik fəaliyyəti müddətində xeyli işlər görüb, ordu üçün də böyük bir addım atdı. Mərkəz ilk dəfə olaraq Heydər Əliyevin 90 illiyi ilə bağlı Silahlı Qüvvələrin bütün şəxsi heyəti arasında inşa yazı müsabiqəsi keçirdi. İyunun 24-də Heydər Əliyev Mərkəzində çox möhtəşəm tədbir keçirildi, ilk 3 yeri tutan qaliblərə də xüsusi mükafatlar verildi. Əsgərlərə televizorlar, kompüterlər təqdim edildi. Bu, çox yaxşı nümunədir və hesab edirəm ki, gələcəkdə də bu iş davam etdiriləcək.
Gənclər və İdman Nazirliyi hər il Gənclər Günü görüşlər keçirir, hərbi hissələrə gedirlər. Bakı Şəhər Gənclər İdarəsi bizim təşkilatla bir yerdə Ağdamda görüşdə oldu. İyunun 25-də də Gənclər və İdman Nazirliyi Gənclik restoranında böyük bir ziyafət tədbiri keçirib, bundan öncə də hərbi hissələrdə olublar. Gənclər və İdman Nazirliyinin rayon idarələri hərbi hissələrdəki tədbirlərdə yaxından iştirak edirlər.
Ordu, Vətən, bayraq, dövlət eyni anlayışlardır. Əgər biz dövlətimizin, müstəqilliyimizin daimi olmasını istəyiriksə, müstəqilliyimizin təminatçısı olan Silahlı Qüvvələrimizin güclü olmasını istəməliyik. Bir zaman müstəqil dövlət quracağımıza, ordumuz olacağına inanmayanlar vardı. Bu gün dövlətimiz və müstəqilliyimizin təminatçısı olan Silahlı Qüvvələrimiz var. İnşallah, biz bu bayram tədbirlərini Qarabağda, Xankəndində keçirəcəyik.
- Mətbuatla ordu arasında əlaqə hansı səviyyədədir?
- Sevindirici haldır ki, mətbuatla ordu arasında əlaqə xeyli güclənib. Birinci Qarabağ müharibəsində məğlub olmağımızın səbəblərindən biri beynəlxalq aləmi və xalqımızı informasiya ilə düzgün təmin edə bilməməyimiz olub. O zaman Çingiz Mustafayev, Salatın Əsgərova, Alı Mustafayev, indi də həyatda olan Tahir Qarayev, Seyidağa Mövsümov kimi jurnalistlərimiz vardısa, bu gün belə jurnalistlərin sayı onlarladır. Bizim peşəkar hərbi jurnalistlərimiz yetişib. Bu jurnalistlər həm Azərbaycanı, həm də beynəlxalq aləmi informasiya ilə təmin edə bilirlər. İnşallah, o gün olacaq, biz atəşkəsi bir dəfə, torpaqlarımızı işğaldan azad edəndə pozacağıq. Təbii ki, o zaman hərbi jurnalistlərimiz də peşəkarlıqlarını göstərəcəklər. Bəzən bir jurnalistin yazdığı bir məqalə, bir yazıçının bir əsəri, bir şairin bir şeri orduya bərabər iş olur. Biz daim buna diqqət yetiririk. Davamlı olaraq incəsənət xadimləri ilə də görüşlər keçiririk, incəsənət xadimləri tez-tez hərbi hissələrdə olurlar.
- Azərbaycan ordusunda Ramil Səfərov, Mübariz İbrahimov nümunələri var...
- Ramil Səfərov və Mübariz Ibrahimov Azərbaycan gəncliyinə böyük bir nümunə qoydular. Ramil Səfərov sübut etdi ki, harada olmasından asılı olmayaraq, Azərbaycanın dövlət rəmzini təhqir edənin bir cəzası var, bu da ölümdür. Mübariz Qəhrəmanov da sübut etdi ki, Azərbaycan torpaqlarını işğal edənlərin bir cəzası var, o da ölümdür. Azərbaycan sərhədlərini pozan, ərazimizdə terror törədən şəxsin cəzası ölümdür. Ali Baş Komandan İlham Əliyev də uğurlu siyasət həyata keçirərək Ramil Səfərovu Azərbaycana qaytardı və əfv etdi. Bununla da dünyaya göstərdi ki, Ramil Səfərovun atdığı addım cinayət yox, qəhrəmanlıqdır. Ramil Səfərova rütbə də, əməkhaqqı verildi, mənzillə də təmin olundu, dövlət ona xüsusi diqqət və qayğı göstərdi. Bununla da bütün dünyaya mesaj verildi.
Düşmən Mübariz İbrahimovun nəşini vermək istəmirdi, çünki Mübariz İbrahimov haqlı olaraq onlara dağ çəkmişdi. Mübariz İbrahimovun nəşinin qaytarılmasına nail olmaqla dövlət başçısı göstərdi ki, hər bir hərbi qulluqçusunu, gizirini, zabitini müdafiə edir.
Mən bu bayram günündə xüsusən şəhid ailələrini, onların valideynlərini təbrik edirəm. Ən böyük təbrik onlara düşür. İnşallah, Azərbaycan torpaqları işğaldan azad ediləndə şəhidlərimizin də ruhu sevinəcək. Onların birinci arzusu tam müstəqil olmağımız idisə, ikinci arzuları ərazi bütövlüyümüzün təmin edilməsi idi. Birinci arzu yerinə yetirilib, ikinci arzunun da yerinə yetirilməsi üçün böyük işlər görülür.
Qarabağ əlillərini, müharibə veteranlarını, ehtiyatda olan hərbçilərimizi təbrik edirəm. Bu insanların ordu quruculuğunda müstəsna xidmətləri var. Düzdür, dövlət onlara diqqət və qayğı göstərir, mənzillər, avtomobillər, təqaüd verir. Bu sıraya Milli Qəhrəmanlar, Çernobıl əlilləri də aiddir. Cəmiyyət də daim bu kateqoriyadan olan insanlara diqqət göstərməlidir.