Siyasi elmlər namizədi, politoloq Elşən Nəsibovun yeni kitabı çapdan çıxıb.
Lent.az-ın xəbərinə görə, “Seçki hüququ” adlanan kitabda “seçki hüququ” anlayışına insan hüquqları anlayışının bölgü ünsürü kimi baxılır. Bu baxımdan “seçki hüququ” məfhumu fəlsəfi-elmi aspektlərlə təhlil olunur. Seçki hüququnu yaradan tərkib ünsürlər də təhlil olunur və seçki hüququnun əsas məzmunu açılır. Belə qənaətə gəlinir ki, seçki hüquqları insan hüquqlarının təsnifatının əsas ünsürlərindən (komponentlərindən) biridir və ümumilikdə insan hüquqlarının bölgü tərkibidir.
Seçki vətəndaş hüquqlarının və ali formada vətəndaşların siyasi hüquqlarının təcəssümü, reallaşması və təmini üçün əsas vasitə rolunda çıxış edir və koordinasiyaedici mənaya malik olur. Seçki hüququ siyasi sistemi və ümumilikdə dövləti təşkiledici hüquq kimi böyük önəm daşıyır. Seçki hüququ mərkəzləşdirici ünsür rolunu oynayır və siyasi sistemin təşkilində müəyyən qrupların maraqları ilə yanaşı, ümumilikdə bütün vətəndaşların maraqlarının təmin olunmasında xüsusi əhəmiyyətə malik olur.
Əsərdə qeyd olunur ki, seçki hüququ bir məfhum kimi həm də tezisdir, ümumiləşdirici məzmuna malikdir. Bununla bərabər, tərkib və bölgü ünsürü olduğundan sintez və konkret hallarda analizdir (nəticədir). “Seçki hüququ” anlayışı fəlsəfə və elmin əsas obyektlərindən biridir. Bu hüquq həm ümumiləşdirici, həm də xüsusiləşdirici məna daşıyır. Kitab hüquqşünaslar və fəlsəfə ilə maraqlananlar (fəlsəfəşünaslar) üçün faydalı ola bilər.