APA-nın qərb bürosunun xəbərinə görə, bu barədə Gəncə şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı Elmar Vəliyev şəhər sakinləri ilə görüşündə bildirib. Onun sözlərinə görə, özünün rəhbərliyi ilə yaradılan hər bir qrup 10 nəfərdən ibarətdir. Qrupların rəhbərləri ŞİH başçısının müavinləri, üzvlər isə güc və icra strukturlarının əməkdaşlarıdır. E. Vəliyev bildirib ki, şəhərdə olan ticarət obyektlərində qiymətlər nəzarətdə saxlanılır, heç kəs süni qiymət artımı yarada bilməz: “Gəncədə unun 50 kiloluq kisəsinin qiyməti 27 manatdan yüksək satıla bilməz. Bu şəhərdə böyük un istehsal edən müəssisələr var. Fabriklərdən un 26,60 qəpiyə mağazalara verilir. Ticarət obyektlərində isə 27 manata satılır. Həmçinin, ərzaq məhsullarının satış qiymətləri də məlumdur. Sahibkarların maraqları nəzərə alınmaqla qiymətlərə nəzarət olunacaq”.
Qeyd edək ki, bu gün ŞİH başçısı müxtəlif idarə və müəssisələrin rəhbərlərinin iştirakı ilə vətəndaşları dinləyib, onların problemləri ilə maraqlanıb. Görüşdə 2 min nəfər şəhər sakini iştirak edib. Çətinliklərlə üzləşən vətəndaşlar dinlənilib və onların problemlərinin həlli istiqamətində tapşırıqlar verilib.