Elman Abdullayev: “Biz diplomatlar bilsəydik ki...” - SÖHBƏT - FOTO
12 iyul 2013 12:50 (UTC +04:00)

Elman Abdullayev: “Biz diplomatlar bilsəydik ki...” - SÖHBƏT - FOTO

Lent.Az-ın Qadın Klubunun üzvləri Aygün Aslanlı, Turac Hacızadə və mən XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayevi həmkarlarımızın əlindən bir neçə saatlıq ala bilmək üçün həftə sonunu seçirik. Görüş yerinə çatar-çatmaz telefonu zəng çalır, söhbətdən anlayırıq ki, hansısa həmkarımızın sualını cavablandırır. Öz-özümüzə “Gərək görüşü telefonların tutmadığı yerdə təyin edərdik” deyirik. Telefon danışığı bitəndən sonra istər-istəməz həmən mövzunu davam etdirməli oluruq:

 

Vüsalə: Bizdə baş verən hər bir hadisədə müqayisəni Ermənistanla aparırlar. Nədən, kimdən geri qalsaq da eybi yox, amma baxın, filan işdə erməniləri qabaqladıq. Onunla da xoşbəxt oluruq...

- Bu mesaj cəmiyyət üçün dəfələrlə səsləndirilib. Ermənistan artıq Azərbaycan üçün müqayisə deyil.

Aygün: Müqayisəni biz etmirik, edirlər...

- Bizim özümüzə məxsus inkişaf tempimiz var. Hesab edirəm ki, bizim inkişafımızı Ermənistanla müqayisə etməyə dəyməz. Çünki Ermənistan bizdən bir-iki dəfə yox, on beş-iyirmi dəfə arxadadır. Ermənistanı ən azı 20-30 il qabaqlamışıq.

Aygün: Hansı sahədə?

- Birincisi Ermənistanın geri qalmasında günahkar özləridir. Hər qonşudan bir şey istəməsi, torpaq iddiası ilə elə bir vəziyyətə gətirdi ki, artıq regionda ona etibarlı tərəfdaş, əməkdaşlıq ediləsi ölkə kimi baxılmır. Bu da Ermənistan əhalisini ciddi şəkildə azaltdı. Ermənistanda nə baş verdiyin bilmək olmur, çünki mətbuatı qapalıdır. Bircə onu bilirik ki, ordan ciddi şəkildə axın var, əhali qaçır.

Vüsalə: Mən hesab edirəm ki, bu deyildiyi qədər də təhlükəli deyil. Ermənilər Ermənistandan köçür, erməni olmaqdan əl çəkmirlər. Nə qədər çox erməni vətənini tərk edərsə, xaricdəki erməni lobbisi o qədər güclü və böyük olar.

- Bir vaxtlar yəhudilərin bir çağırışı var idi. Deyirdilər bizim son məqsədimiz İsrailə toplaşmaqdır. Bir millətin güclü dövləti olmalıdır.

Yenə telefon zəngi və hansısa həmkarımız açıqlama istəyir. “Əgər mən bir jurnalistin zənginə cavab vermirəmsə, səbəb onun digər həmkarı ilə danışmağımdır” deyir. Biz isə vaxtımızın çox olduğunu, redaksiyalarda baş redaktorların lazım olan açıqlama üçün “həftə sonu”, “gecə-gündüz” bəhanələrini qəbul etmədiyini bildiyimizdən bütün zənglərə rahat cavab verməsini təklif edirik. Sonra isə dördümüzdə şərtləşirik ki, bizim söhbətimizdə siyasi mövzular olmasın.

Aygün: Mən istəyərdim bir az özünüz haqda məlumat verəsiz...

- Gəncədə doğulub böyümüşəm. Qohumlarım da orda yaşayır, yəni ora gedib gəlirəm, o şəhərə bağlıyam. Ali təhsili isə Azərbaycanda almamışam. Bakalavr dərəcəmi Qahirə Universitetində ərəbcə, siyasi elmlər şöbəsində oxumuşam. Düz altı il. Magistr dərəcəmi isə Kaliforniya Dövlət Universitetində almışam.

Aygün: Jurnalistlərlə işləmək necədir?

- Çox rahat. Mətbuat xidmətində işləyəndə jurnalistlərlə qəribə bir bağlılıq yaranır. İnsan onlarsız darıxır.

Aygün: Hansı mətbuat orqanından gələn zəngləri açmırsız?

- Gündə 300-350-yə yaxın zəng gəlir. Jurnalistlərin mənim telefonuma düşə bilməməsinin bircə səbəbi var. Onun digər həmkarı ilə danışıram.

Vüsalə: Səfir təyin olunandan sonra Elxan Poluxovdan müsahibə almışdım. Demişdi ki, XİN mətbuat xidmətində işlədiyim illər ərzində isti yemək yediyim olmadı. Ya da bir boşqab xörəyi yeyib bitirincə yoldaşım onu bir neçə dəfə yenidən isidib gətirib. Hamısı da jurnalistlərin telefon zənginə cavab verməkdən... Vəziyyət oxşardır?

- Mən XİN-in mətbuat xidməti vəzifəsinə yeni təyin olunanda çalışdım jurnalistlərə izah edim ki, bir ilə iki arası nahar vaxtıdır. Hardasa üç aya yaxın buna çalışdım, amma alınmadı... Ona görə də artıq XİN-də hər kəs alışıb ki, nahar vaxtı məni bir əlimdə telefon, o biri əlimlə yemək yeyən görsünlər. Telefonu açıram və jurnalistdən üzr istəyirəm ki, mən sizinlə danışa-danışa yemək yeyəcəm. Çünki nahar fasiləsi yemək üçün yeganə fürsətimdir, sonra vaxt olmayacaq.

Bu yerdə söhbət başımızın bəlası olan mentalitetdən düşür:

Aygün: Siz Kaliforniya Universitetini görmüsüz...

- Nə olsun? Azərbaycanlıyam də... Azərbaycan xalqının özünə məxsus streotipləri var. Mən heç o streotipləri sındırmaq, dəyişmək də istəmirəm. Xalqın düşüncə tərzini, mentalitetini dəyişmək mümkün deyil, niyə də dəyişək axı?

Turac: Hər şey idealdır?

- İdeal deyil. Amma özümüzə məxsus yaxşı streotiplərimiz var ki, onları dəyişmək lazım deyil. Biz şərq xalqıyıq. Şərqlilikdən imtina etmək doğru deyil.

Aygün: Avropaya inteqrasiya etmək istəyən şərq xalqı...

- İnteqrasiya Avropa olmaq demək deyil, qərbdən ən yaxşı xüsusiyyətləri götürməkdir. Biz istəmirik ki, kiminsə adət-ənənəsini götürüb öz adətimizə çevirək. Bu sünilikdir. Bizə öz inkişafımızı təmin etmək lazımdır. Mən avropalı ilə bir yerdə təhsil ala bilərəm, amma...

Bu dəfə söhbətimizi həmkarlar yox, masaya yaxınlaşan arının vızıltısı kəsir. Biz, üçümüz mürəbbə ətrafında dolanan arıdan qorunmağa çalışıb, ofisiantı çağırıb mürəbbələri yığışdırmağı xahiş edirik. Gənc və gülərüz diplomat isə mürəbbə qabının qapağını əlinə alıb süfrədə uçan arını təqib edə-edə:

- Ehtiyatlı olun, ehtiyatlı...

Və çox ehtiyatla, səliqə ilə qapaqla mürəbbə qabının ağzına qapayır. Elə o anda da arının vızıltısı kəsilir. Budur, arı mürəbbə qabının içindədir! Çox diplomatik gediş idi! Bizim təəccübümüzə də açıqlaması var:

- Mən neylədim ki? Onun hüquqlarını pozmadım. Sadəcə ətraf mühitə zərər verməsini, asayişimizi pozmasını istəmədim.

Aygün: Qərbdə gördüyünüz hansı xüsusiyyətlərin bizdə olmasını istəyərdiniz?

- Əgər ayrı-ayrı insani elementlərindən danışırıqsa, o başqa məsələ, amma əgər ümumi danışırıqsa, təbii ki, təhsil. Həmişə istəyirəm ki, ölkəmizdə təhsilin səviyyəsi gəlib qərbin təhsili səviyyəsinə çatsın. Bir gəncin formalaşmasında ən önəmli rol oynayan təhsildir. Zənginlik insanın başında olan məlumat bazasıdır. Elmli, peşəkar, bilikli bir gənc ən çox tələb olunan gəncdir. Biz bəzi hallarda asan yola üstünlük veririk, çətin yoldan qorxmaq lazım deyil. Mürəkkəb yolları keçmək lazımdır. Uzun və mürəkkəb yol daha arzulanan nəticə verir. Məsələn, hər iki universiteti bitirəndə diplomumu alma anı yadımdadır. Xüsusi ilə Kaliforniyada. ABŞ-da təhsil almaq hər bir gəncin arzusudur. Ona görə yox ki, ordakı bütün mentaliteti öyrənib öz üzərimdə tətbiq edim, yox, məsələ bilikli olmaqda, hansısa sahəni dərindən bilməkdədir. Mən o diplomu alanda gözlərim doldu, bir kənara çəkildim... O sevinc düz bir həftə məni tərk eləmədi. Bilirsiz, o diplom nələrin bahasına başa gəldi? Gecə yarısına kimi kitabxanalarda otururduq, imtahan ərəfəsində iyirmi günə beş saat yata bilmək böyük şey idi...

Turac: Həm də Kaliforniyada kimsə zəng edib sizi tapşırmayacaq...

- Tapşırandan sonra o diplomun bir mənəvi çəkisi yoxdur.

Vüsalə: Heç Gəncədən zəng gəlir ki, filankəsəm, uşağın imtahanını tapşır...

- Gəlir. Sadəcə hesab edirəm ki, o uşaq üçün kimdənsə xahiş etsəm, ona qarşı ən böyük cinayəti mən özüm işlətmiş oluram.

Aygün: Bəs bunu o qohuma necə başa salırsız?

- Deyirəm qoy birinci özü-özünü sınasın, sonra... (Gülür)

Turac: İncimirlər?

- Artıq alışıblar.

Aygün: Neçə il xaricdə təhsil alandan sonra niyə Azərbaycana qayıtdız?

- Necə yəni niyə qayıtdız? Ölkəmə qayıtmışam də. Azərbaycanlı yalnız öz vətənində birinci dərəcəli vətəndaşdır. Gedənlərə də deyirəm ki, siz o ölkələrdə heç vaxt birinci dərəcəli vətəndaş olmayacaqsız. XİN-də on dörd ildir işləyirəm. Azərbaycanlı diplomat kimi Belçikada və Amerikadakı səfirliklərimizin hərəsində dörd il işləyib yaşamışam. Həmişə də bir neçə aydan sonra darıxmağa başlamışam. Hesab edirəm ki, mən burdan başqa hər yerdə ancaq müvəqqəti yaşaya bilərəm. Mən burda özümü əla hiss edirəm. Bakıdan sonra heç bir şəhəri bəyənmirəm.

Turac: Bakıda hara olmaq istərdiz?

- “Crystal Hall”.

Vüsalə: Amma gündə 300-dən çox telefon zənginə cavab verən bir insan üçün bu qədər az-az istifadə olunan bir məkan... Sizi sıxmaz? Darıxmazsız?

- Elə yəqin ona görə də “Crystal Hall” olmaq istəyirəm də... (Gülür)

Yenə bir həmkarımızın zəngi, yenə siyasi məsələlər...

Vüsalə: Necə dincəlirsiz?

- Siz jurnalistlərin sayəsində altı gün daima hərəkətdəyəm, çox sağ olun. (Gülür) Dinamizm artıq həyat tərzimə çevrilib. Qalır bazar günü, o da uşaqların günüdür.

Turac: Uşaqlar burda doğulub?

- Oğlum Brüsseldə anadan olub, amma sənədləşmə səfirlikdə olub, Azərbaycan vətəndaşıdır. Bu, çox önəmlidir. Oğlumun 9, qızımın isə 7 yaşı var. Biri Azərbaycan, o biri isə rusca təhsil alır.

Vüsalə: Qızı Azərbaycan bölməsinə vermisiz, hə?

- Bəli. İngiliscə təmiz danışırlar, axı məktəbə ABŞ-da gediblər. Rus dilində də bilirlər. Dil problem deyil. Çalışırıq, üzərlərində işləyirik. Əsas da dil baxımından. Çünki diplomat övladlarının düşdükləri ab-havaya öyrəşmələri üçün ən azından üç dil bilmələri şərtdir.

Vüsalə: Niyə məhz qızınızı Azərbaycan bölməsinə vermisiz?

- Bu ildən o da rus bölməsində olacaq. Evə yaxın məktəbə gedirlər. Hesab edirik ki, həmin məktəbin Azərbaycan bölməsində təhsil kifayət qədər keyfiyyətli deyil. Azərbaycan dili ailəmizdə istifadə olunan dildir, sadəcə istəyirik ki, uşağa keyfiyyətli təhsil versinlər. Hansı dildə keyfiyyətli müəllim tapırıqsa, təhsili də o dildə veririk, çünki önəmli olan müəllimdir... Oğlum üzgüçülüyə gedir, qızım isə üzgüçülüklə çox az məşğul olur. Onun əsas diqqəti rəsm çəkməkdədir. Baxmayaraq ki, yeddi yaşı var, çox gözəl dizayn edir, arzusu da dizayner olmaqdır.

Uşaqların məktəbindən danışa-danışa onun məktəbli vaxtlarına gedib çıxırıq:

Aygün: Məktəbdə sinfin populyar oğlanı olmusuz, yoxsa başını kitabdan qaldırmayan, şəkli şərəf lövhələrini bəzəyən...

- Heç vaxt şərəf lövhəsində olmamışam. Ola bilsin bir dəfə... Mən çox az müddətdə əlaçı olmuşam, amma uzun müddət zərbəçi olmuşam.

Vüsalə: Əlaçılara inanmıram, yalandır... Bütün fənləri sevib beş almaq mümkün deyil axı...

- Razıyam, əzbərləyirsən, bu da yalandır. Məktəbi əlaçı qurtarmışam, çünki anam həmən məktəbdə işləyib. Xahiş edirəm bunu yazmayın (Gülür) Mənim öz sevdiyim fənlər olub. Tarix, coğrafiya, ədəbiyyatı o qədər sevmirdim... Rus dilini, Azərbaycan dilini sevirdim, çünki qrammatikanı müzakirə etmək, cümlə təyin etmək ən çox sevdiyim şeydir. Mübtəda, xəbər, sifət, bunları müzakirə etməyi sevirdim. Rus bölməsini bitirmişəm, XİN-ə gələndə Azərbaycan dilini çox zəif bilirdim, danışığımda problem yox idi, yazımda isə var idi. Özümə müəllim tutub, bu problemi qısa müddətə aradan qaldırdım.

Birdə onda xəbər tuturuq ki, söhbət çox siyasiləşib.

Aygün: Ardıcıl neçə il xaricdə yaşayıb qayıdandan sonra burda sizi nələr şok elədi?

- Səbirsizliyimiz. Bir də svetoforda maşınların dayanması.

Vüsalə: Hansı ölkəyə səfir getmək istəyərdiz?

- Bu peşənin ən maraqlı tərəflərindən biri də gözlənilməzlikləridir. Əgər biz diplomatlar hansı ölkəyə səfir gedəcəyimizi bilsəydik, onu bu qədər maraqla gözləməzdik. Diplomatın növbəti təyinatı həmişə onun üçün bir sürpriz olur.

Aygün: Filmə baxırsız? Kitab oxuyursuz?

- Filmə baxıram, kitab isə çox az oxuya bilirəm. Etiraf etmək acıdır, amma mətbuat xidmətində olandan kitab oxumağa vaxtım yoxdur demək də düzgün alınmır, amma... Çox oxumaq yaxşı şeydir.

Aygün: Bəs vaxtınız olanda nələri oxumusuz?

- Memuarlar, bioqrafiya, tarix, tarix və tarix. Tarixə aid sənədli filmləri və kitabları sevirəm.

Aygün: Hansı tarixi şəxsin bioqrafiyası sizi valeh edib?

- Çörçil.

Vüsalə: Bəs qadınlardan?

- İndira Qandi. Hesab edirəm ki, çox maraqlı və ziddiyyətli bir qadındır. Ən çox sevdiyim cəhəti də zamanın nəbzini çox yaxşı tutmasıdır. Zamanın nəbzini çox yaxşı tutmağı bacardı və elə ona görə də tarixə düşdü. Bir çox insanlar deyir ki, qadın siyasətçi ola bilməz, idarə edə bilməz. Mən razı deyiləm. Tarixdəki qadın siyasətçilər göstəriblər ki, onlar hətta bir sıra hallarda kişilərdən daha yaxşı öhdəsindən gəlirlər.

Aygün: Qadın marağından əziyyət çəkirsiz?

- Heç kim də maraqlanıb eləmir mənimlə. (Gülür) Kimə lazımam mən?

Aygün: Ən azından iş yerinizə görə... Mənəvi tərəfini kənara qoysaq, maddi tərəfinə görə... Xaricə getmək istəyənlər... Yəni heç olmasa Antalyaya istirahətə getmək üçün...

- Əgər o qadını Antalya maraqlandırırsa, getməyə o qədər adam tapacaq ki... Nəzərə alanda da ki, mənim qrafikim...

Aygün: Yoldaşınız nəçidir?

- Stomatoloq.

Aygün: Sevgi əsasında qurulmuş ailədir?

- Bəli. Biz Gəncədə qonşu olmuşuq.

Turac: Uşaqlıq eşqi?

- Elə demək olar. Bakıda bağ evi deyirlər, Gəncədə dağ evi. Bizim dağ evlərimiz də üz-üzədir.

Vüsalə: Demək qonşunuzla hasarı aradan götürmüsüz...

- Bəli, düz on ildir ki, hasarı ləğv eləmişik.

Növbəti telefon zəngi və yenə həmkarlardan biri açıqlama istəyir. Sonra yenə söhbətimizə qayıdırıq. Yekunlaşanda isə son sözü belə olur:

- Amma siyasətdən yaman çox danışdıq...

XOR: Siz onu bizə buraxın...

- Hə? Onda danışaq...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3137
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar