"Azərbaycanda son dövrlərdə ailə münaqişəsi, məişət zorakılığı və bu kimi cinayətlərin sayının çoxalması sosial-iqtisadi problemlərlə bağlı deyil. Bu məhz hazırda insanlar arasında mövcud olan davranış problemidir".
Bunu APA TV-yə açıqlamasında Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib: "Bunun səbəbini çalışacağam bir ifadə ilə izah edim. Bu, insanların bir-biri ilə ünsiyyət problemidir. Bu mədəni davranış probleminin içərisində bir çox komponentlər var. Biz siyasi-iqtisadi islahatlar sahəsində çox böyük uğurlar əldə etmişik. Hesab edirəm ki, mədəni davranış prosesində ciddi inqilabi dönüşlərə ehtiyac var. Bundan sonra cəmiyyət sivil həyat tərzinə üstünlük verməli, kütləvi mədəni tədbirlər, idman yarışları, insanların təbiətlə münasibətləri, incəsənət və münasibətlərə. Bütövlükdə bu proses həm də Azərbaycanın bütün regionlarını bürüməlidir. Bu bizim gündəlik həyat tərzimizə çevrilməlidir. Onda ümumi mədəni davranışda dəyişiklik baş verəcək. Onda insanlar baş verən konfliktin , silah, bıçaq yolu ilə deyil, daha çox danışıq yolu ilə həll edəcəklər".
Əli Hüseynlinin sözlərinə görə, belə məsələlərdə 5-10 il bundan əvvəl hüquq-mühafizə orqanları ittiham edilirdilər. Hazırda bu istiqamətdə adı çəkilən orqanlarda kifayət qədər işlər aparılıb. Səbəb əvvəllər olduğu kimi hüquq mühafizə orqanlarına tutulan irad deyil.