Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə bağlı Təşəbbüs Qrupu yaradılır. Lent.az-ın məlumatına görə, bunun üçün bir qrup ziyalı şəxs Azərbaycanın bütün siyasi partiyalarına, qeyri-hökümət təşkilatlarına, ictimai qurumlarına, kütləvi informasiya vasitələrinə, aydınlarına və ictimai-siyasi fəallarına müraciət edib. Müraciətdə deyilir ki, 2018-ci il Azərbaycan Respublikasında bır sıra mühüm hadisələrlə zəngin olacaq: “Heç şübhəsiz, onlardan ən mühümü Məhəmmədəmin Rəsulzadə və silahdaşlarının qurduğu ilk müstəqil-milli dövlətimiz olan Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyidir. Müsəlman Şərqində ilk demokratik dövlət quruluşu olan Cümhuriyyətimizin bu şanlı yubileyini hər bir Azərbaycan vətəndaşının ən əziz bayram kimi fərəhlə və qürurla qeyd edəcəyinə ürəkdən inanırıq. Dövlət başçısının bütövlükdə 2018-ci ili “Cümhuriyyət ili” elan etməsini alqışlayır və bu əlamətdar hadisəyə dövlət səviyyəsində ciddi diqqət yetirilməsindən məmnunluğumuzu ifadə edirik.
Müraciətdə bildirilir ki, Təşəbbüs Qrupu Əbülfəz Elçibəyin yubileyini də bir çox qüvvələr qeyd etməyə çalışacaq: “Biz , Təşəbbüs Qrupu olaraq iqtidar-müxalifətliyinə baxmadan Vətənimizin bütün siyasi-ictimai qurumlarına, ziyalılara, KİV-lərə və başqa Elçibəysevər qüvvələrə üz tutaraq hamını yubileyi keçirəcək vahid Təşkilat Komitəsi yaratmağa və onun işində yaxından iştiraka dəvət edirik”.
Müraciəti aşağıdakı şəxslər imzalayıb:
Ədalət Tahirzadə – Professor, Əbülfəz Elçibəyin mətbuat katibi
Mircəlal Yüsifli – Elçibəy İrsini Araşdırma Fondunun Sədri
Abbas Musayev - Əbülfəz bəyin dostu, Fizika-Riyaziyyat Elmləri
Namizədi
Novella Cəfəroğlu- Dilarə Əliyeva adına QHMC-nin sədri
Mehriban Vəzir- Yazıçı
Almaz Əliqızı – Professor
Oqtay Məmmədov- Prezidentin mühafizə xidməti rəisinin sabiq 1-ci
müavini
İsfəndiyar İsgəndərov – Sabiq Milli Ləl-Cəvahirat fondunun
direktoru
Təşəbbüs Qrupu Təşkilat Komitəsi ilə bağlı fikir və təklifləri +99470-355-08-07 nömrəli telefonla Qrupa bildirməyinizi xahiş edir.