“Ədəbiyyat İnstitutu ədəbiyyat haqqında elm institutudur. İnstitut ədəbiyyatın problemləri ilə elmi şəkildə məşğul olur”. Bunu jurnalistlərə açıqlamasında AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun yeni direktoru İsa Həbibəyli bildirib. Onun sözlərinə görə, Ədəbiyyat İnstitutunu yenidən qurmaq lazımdır: “İnstitutda həm struktur, həm də kadr islahatları olacaq. Ədəbiyyatşünaslıq elminin ayrı-ayrı istiqamətlərini öyrənən, cəmiyyətinin ayrı-ayrı çağırışlarına cavab verən yeni ideyalar və onları icra edən konkret bölmələrin yaradılması nəzərdə tutulub”.
İ. Həbibəyli onu da vurğulayıb ki, institutda ədəbi tənqid bölməsinin yaradılması da vacibdir: “Çünki bir vaxtlar ədəbi tənqid üzərində Kommunist Partiyası nəzarət həyata keçirib. İndi isə müstəqil dövlətik. Ədəbi tənqid ədəbiyyatın müstəqillik dövrünün tələblərinə uyğun gəlib-gəlmədiyini müəyyən etməlidir”.
Direktorun sözlərinə görə, institutun dünyaya inteqrasiya etməsi ilə bağlı xeyli işlər görülməlidir: “Təəssüf ki, 80 illik tarixi olan İnstitutun heç bir ölkə, heç bir təşkilatla müqaviləsi yoxdur. Çalışacağam ki, xarici ölkələrlə yeni əlaqələr qurulsun. Görəcəyimiz işlər çoxdur. Çünki Ədəbiyyat İnstitutun böyük potensialı var. Təəssüf ki, bizim İnstitutuda gənc nəsil azdır. Gənc nəsilin elmə marağının artırılmasına çalışacağıq”-deyə, İ. Həbibbəyli əlavə edib.
Ədəbiyyat İnstitutunda struktur və kadr islahatları aparılacaq
681