Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Fondun Sumqayıt şəhər şöbəsinin inzibati binasında Sumqayıt şəhərinin, Abşeron, Xızı və Qubadlı rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün növbəti qəbul keçirib. DSMF-nın İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, Fondun məsul əməkdaşlarının, Sumqayıt şəhərinin, Abşeron, Xızı və Qubadlı rayon şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbulda ümumilikdə 25-dək vətəndaşın müraciətlərinə baxılıb. “Açıq qapı” şəraitində davam etdirilən görüşdə əvvəlcədən qəbula yazılanlardan əlavə olaraq gələn vətəndaşların da müraciətləri dinlənilib. Vətəndaşların rahatlığı məqsədilə DSMF-nin sspf.gov.az rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, müraciət üçün əlaqə nömrələri göstərilib, qəbulda iştirak edənlərin Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb-gətirilmələri təmin olunub.
Müraciətlər əsasən sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələləri əhatə edib. Müraciətlərin bir neçəsi isə məcburi dövlət sosial sığorta haqları ilə bağlı olub.
Qəbul zamanı bütün müraciətlərə operativ şəkildə baxılıb və Elman Mehdiyev qaldırılan məsələlərin həll olunması üçün müvafiq rayon şöbələrinin rəhbərlərinə, həmçinin Fondun digər vəzifəli şəxslərinə konkret tapşırıqlar verib. DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyatı orqanlara müraciət edilməsi qərara alınıb.